Tofiq Cavadov XX əsr Azərbaycan rəngkarlığının tanınmış nümayəndəsi, yaradıcılığında milli təsviri sənətin bir sıra xarakterik xüsusiyyətlərinin vəhdətinə və avanqard cərəyanının inkişaf tendensiyalarını müəyyənləşdirməyə nail olmuş istedadlı sənətkardır.
O, 1925-ci ildə Bakıda dünyaya göz açmışdı. Təsviri sənətə olan marağı onu 1948-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə gətirmiş, rəngkarlıq fakültəsinə daxil olmuşdu.
1950-ci illərin ikinci yarısından etibarən Tofiq Cavadov forma və məzmun axtarışlarında yeni mərhələyə – sərt və ekspressiv realizm və ya daha dəqiq, neorealizm dövrünə başlayır. Rəssam bu dövrdə yaratdığı sənaye kompozisiyaları ilə, fəhlə, dost və yaxınlarının portretləri ilə ilk növbədə yeni forma və ifadə axtarışlarına baş vurur, dövrünün təsviri sənət kanonları ilə barışmaz ziddiyyət təşkil edən kompozisiyalar yaradırdı.
Neorealizm mərhələsi neft və ağır sənayeyə həsr olunmuş tabloların və fəhlə obrazlarının timsalında özünü daha qabarıq büruzə verir. Baş verənləri dərindən, bilavasitə içəridən hiss etmək üçün Tofiq Cavadov günlərlə Bakı və Sumqayıtın zavod və fabriklərində gedən iş prosesini izləyir, çoxsaylı etüd və eskizlər edirdi. Bu dövrün məhsulu olan “Neftçilər” (“Növbədən gələnlər”), “Sənaye mənzərəsi”, “Operator qız”, “Neftçi”, “Poladəridən sexdə”, “Poladəridənin portreti” və bu sıradan olan digər monumental əsərlərin kompozisiya quruluşlarının dinamikliyi və ekspressivliyi xarakterik şəkil alır. “Neftçilər” əsərində sərtlik, rənglərin kəskinliyi, yaxmaları sanki bir-birini tamamlayır və rəssamın yaradıcı ruhundan xəbər verir.
Fəhlə obrazlarından fərqli olaraq, rəssamın sənaye motivli mənzərələri monumentallığına və sərtliyinə baxmayaraq, dramatik deyil. Əksinə, “Lökbatan” , “Sənaye mənzərəsi”, “Çənlər”, “Sexdə” kimi bir sıra ekspressiv əsərlərə romantik ruh hakim kəsilmişdir. Düzbucaqlı və dairəvi xətlərin hegemon olduğu bu kubistik struktura malik mənzərələrdə bir səmimilik və uşaq saflığı hökm sürür. Təəssüflər olsun ki, yaradıcılığına həddən artıq tənqidi yanaşan rəssamın bizə elə də çox əsəri gəlib çatmamışdır. Bunun səbəblərindən biri, həmkarı Rasim Babayevin dediyi kimi, Tofiq Cavadovun çoxlu sayda əsərini öz əli ilə məhv etməsidir. O, bəyənmədiyi, razı qalmadığı əsərlərini məhv edirdi. Ya hər şey, ya da heç nə! Bu, onun sənət meyarı idi.
Həyatını da bu prinsip əsasında qurmuşdu. Yaradıcılıqdan kənar həyat onun üçün mümkünsüz idi.
Tofiq Cavadov milli rəssamlıq məktəbinin elə nadir nümayəndələrindəndir ki, yaradıcılığında həm Azərbaycan təsviri sənətini, həm də XX əsrin əvvəllərində təşəkkül tapan Avropa və rus avanqard incəsənətinin inkişafını yüksək peşəkarlıqla əks etdirməyə çalışmışdır. Bütün yaradıcılığı boyu yeni forma, üslub və kompozisiya axtarışlarında oldu. O, rənglərin tərkibi və kətan üzərindəki qruntla müxtəlif eksperimentlər aparırdı. Bu eksperimentlər rəssamın istədiyi koloriti almaq və eləcə də onun ifadə və gücünün rəngarəngliyinə nail olmaq məqsədi daşıyırdı.
Rasim Babayev xatırlayırdı ki, Tofiq Cavadov kimyəvi tərkibinə görə bir-birilə tərs mütənasiblik təşkil edən rəngləri qarışdırmaqla və hətta kətanın üzərini ənənəvi qruntla deyil, ən adi diş tozu ilə qrunt etməklə istədiyi effekti almağa çalışırdı. Bununla da rənglərin daxili gücünü artırmaqla yanaşı, yağlı boyanın verdiyi xarici parlaqlıqdan qaçmağa müvəffəq olurdu. O, bu parlaqlığı sevmirdi. Belə bir yanaşma, həqiqətən də, Tofiqsayağıdır.
Rəssamın ən məşhur əsərlərindən olan “Külək” onun ən dramatik tablosudur. Əsərdə sərt Abşeron küləyinə qarşı hərəkət edən bir qrup qadın təsvir olunub. Yıxılmamaq üçün ağac budaqlarından yapışan qadınları külək yerdən qoparıb uçurmaq gücündədir. Sərt küləyə qarşı gələn və naməlum istiqamətdə hərəkət edən qadınların hərəkət təsviri məna etibarilə çox dərindir. Bu, sanki, həyat yükünün ağırlığını çiyinlərində çəkən bəşər övladının simvolik təsviridir. Rəssamın bu simvolu qadın obrazında verməsi heç də təsadüfi deyil. Axı qadın həm həyat verib, onun intəhasız davamlılığını təmin edən ananın, həm də bəşər övladının sonuncu mənzili olan ana torpağın təcəssümüdür. Məzmun etibarilə bu tablo rəssamın öz həyatına yazdığı rekviyemdir...
Tofiq Cavadov 20 avqust 1963-cü ildə Moskva-Serpuxov elektrik qatarında bədbəxt hadisə nəticəsində həlak olmuşdur.
Günəş ZAMANOVA
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı