Sumqayıt Dövlət Dram Teatrı Novruz bayramı günlərində balaca teatrsevərlərə Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı əsasında hazırlanmış tamaşanı təqdim edəcək. Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov məşhur nağıl qəhrəmanının macəralarına Novruz ovqatı qataraq maraqlı tamaşa hazırlamağa müvəffəq olub. Tamaşada teatrın aktyorları Şəhla Məmmədova, Etibar Əmirov, Şəmistan Süleymanlı, Mətləb Səfərli və Rövşən Əsgərov iştirak edirlər.
Teatrın mətbuat xidmətinin məlumatında deyilir ki, martın 5-də tamaşaya daxili baxış keçirilib. Sonra aparılan müzakirələrdə məktəblilərdən ibarət alternativ bədii şuranın üzvləri də iştirak ediblər.
“Tıq-tıq xanım” tamaşası martın 20-dən 26-dək hər gün 3 seans (saat 11.00, 13.00, 15.00) göstəriləcək.