Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz“ əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

Tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video-vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.

Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Ayşad Məmmədov, Aslan Şirin, Məsmə Aslanqızı, aktyorlar Elnar Qarayev, Vüsal Məmmədov, Ziya Ağa, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov rol alıb.

Tamaşanın dekorasiyası ənənəvi formada yox, monitorlar vasitəsilə qurulub. Səhnə əsərində klassika ilə müasirliyin vəhdəti əksini tapıb. Aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də müasir dövrün geyimlərinə müraciət edilib. Eləcə də musiqi seçimində klassik musiqi ilə yanaşı müasir musiqi, roka yer verilib.

Böyük maraqla qarşılanan tamaşa haqqında növbəti sayımızda ətraflı söhbət açılacaq.