Peşəkar milli teatrımızın yaranmasının 146-cı ildönümü münasibətilə Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin “Ər və arvad” musiqili komediyası təqdim olunub.
Tamaşanın nümayişindən öncə çıxış edən teatrın ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı sənət ocağının yaradıcı fəaliyyəti, yeni tamaşalar haqqında məlumat verib. Vurğulanıb ki, Azərbaycanda musiqili teatrın əsası 1910-cu ildə böyük Üzeyir Hacıbəylinin “Ər və arvad” ikihissəli musiqili komediyası ilə qoyulub. Milli teatr günündə bu səhnə əsəri bir daha sənətsevərlərə təqdim olunur.
T.Pənahqızı Milli teatr günü ərəfəsində Dövlət Musiqili Teatrına “akademik” statusun verilməsinə görə dövlət başçısına dərin təşəkkürünü bildirib.
Sonra “Ər və arvad” musiqili komediyası nümayiş olunub. Tamaşada rolları xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, əməkdar artistlər Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Ağaxan Şərifov, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Hüseyn Əlili ifa edib.
Maraqla qarşılanan tamaşanı mədəniyyət naziri Əbülfəs Qarayev də izləyib.
Sonda nazir yaradıcı kollektivin üzvləri ilə görüşüb, onları həm bu əlamətdar gün münasibətilə, həm də sənət ocağına yeni “akademik” statusun verilməsi münasibətilə təbrik edib. Nazir teatr sahəsində görülən işlər və yeniliklərdən danışıb: “Azərbaycanda peşəkar milli teatrın yaranmasından 146 il ötür. Eyni zamanda musiqili teatr sənətimiz 110 illik yubileyi ərəfəsindədir. Teatra Prezidentin müvafiq sərəncamı ilə “akademik” statusu verilib. Bu, kollektivin üzərinə böyük məsuliyyət qoyur. Ərsəyə gələn tamaşalar, həyata keçirilən layihələr mahiyyət və keyfiyyətcə tamaşaçıların zövqünə uyğun və yüksək səviyyədə qurulmalıdır”.