və ya hər nə istəsək?!

Öncə onu qeyd edim ki, müəllif və rejissorun haqqında danışacağımız əsər-tamaşaya adına əlavə etdiyi “hər nə istəsəniz” özlüyündə səhnə işinə baxan və baxdığını analiz edən hər kəsə sərbəstlik verir. Yəni seçim müxtəlifliyi və sərbəstliyi özü də bir üstünlükdür. Biz də yazıda bunu nəzərə almağa çalışacağıq...

Keçək əsas mətləbə. Ötən həftə Akademik Milli Dram Teatrının səhnəsində “12-ci gecə və yaxud hər nə istəsəniz” tamaşasının premyerası oynanıldı. Dünyanın müxtəlif teatrlarında ən müxtəlif yozumlarda səhnə həlli yaşayan bu beşpərdəli komediya Uilyam Şekspirin alternativ adı olan yeganə komediyasıdır. Müəllifin yaşadığı dövrdə qeyd olunan Yeni il şənliklərinin 12-ci günü ilə səsləşən komediya elə o şənliklərdəki kimi “baş-ayaq”dır. Təbii ki, bu fərqlilik əsərə müraciət edənlərə sərbəstlik, səhnədə eksperiment etmək imkanı verir və quruluş müəllifi də bundan ustalıqla istifadə etdi.

Tənqidçilərin “yanlışlıqlar komediyası” adlandırdığı əsərdə hadisələr müəllifin uydurduğu İlliria krallığında baş verir. İnsanların qiyafə kimi cild dəyişdirdiyi, qadınların kişi, kişilərin qadın qılığına girdiyi, bir-birinə aşiq olan insanların bu qarmaqarışıqlığa çalışdığı və sonda hər şeyin müsbət sonluqla, həm də hər kəsin istədiyi kimi bitdiyi əsərdir. Təlxəklər, sərxoşlar, fırıldaqçılar, müftəxorlar, dəlilər, ağıllılar, axmaqlar, zadəganlar və daha neçə-neçə fərdin oyun içində oyunu olan tamaşanın səhnə həlli uğurlu alınıb.

Səhnə əsərinin quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, video-vizual rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur. Klassik nümunəyə verilən müasir həll maraqlı alınıb. Dekorasiyası monitorlar vasitəsilə dəyişən tamaşada texniki həll baxımından müəyyən estetik, elə faktiki çatışmazlıqlar da var idi və bunu detallar ilə izah etmək zaman istəyir. Məsələn, monitorda dənizin dibinə yuvarlanan qızın xilas  edilməsi. Qız da, onu sudan çıxaran da qupquru idi. Onları isladıb səhnəyə çıxarmayacaqdınızsa (heç olmasa, saç-başlarında islaqlıq effekti yaratmaq olardı), niyə xilaskar matros çəkməsini çıxarıb suyunu boşaldırmış kimi edir? Üstəlik, ayaqqabısından düşən balığı ora-bura çırpıb (!) arxaya tullayır. Texniki həldən danışmışkən, təsvirlərin mizanlara görə bir-birini izləməsində müəyyən uyarsızlıqlar (malikanə təsvirindən bakerlərin yarışının vizual məkan təsvirlərinədək) da diqqətə çarpırdı. Video-vizual rəssamlar bu qəbildən bəzi detalları unutmuş, ya da texniki baxımdan mümkünsüz hesab etmişdilər.

Klassika ilə müasirliyin vəhdətinə cəhd olunduğu tamaşada aktyorların geyimlərində həm Şekspir dövrünün, həm də çağımızın geyimlərinə müraciət edilib və bu gözəl alınıb.

Mizanlara və plastik həllə gəlincə, aktyoru artıq manevrdən azad etməklə enerjisini “bədən dili”ni işlətməyə yönləndirməsi uğurlu düşünülüb. Sadəcə, səhnədə moto-manevrlər bir az artıq, uzun alınmışdı.

Aktyor oyunu... Səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Anar Heybətov, Məsmə Aslanqızı, Ayşad Məmmədov, Aslan Şirin, aktyorlar Elnar Qarayev, Ziya Ağayev, Vüsal Mustafayev, Rəşad Bəxtiyarov, İlahə Həsənova, Nigar Güləhmədova, Xədicə Novruzlu və Əlif Cahangirov çıxış edirdilər.

Video-çarx vasitəsilə özünün xoreoqrafik imkanlarını nümayiş etdirən Keşişdən (Əlif Cahangirli) başqa digər obrazlar üzərində dayanmaq gərək.

Əsərin qəhrəmanı Orisionu oynayan Elşən Rüstəmov sadəlövh, çarəsiz aşiq obrazında mizandan zərrəcə kənara çıxmayan, rejissorun təqdim etdiyini tamaşaçıya eynilə qaytaran aktyor oyunu göstərdi və qəhrəmanının ruh halını, düşdüyü vəziyyətlərə sadəlövh, biçarə, cəsarətsizliyini rahat şəkildə nümayiş etdirə bildi.

Oliviya (Məsmə Aslanqızı) gözəl və cazibədar, sevən və sevilən qadındır. Oyun-ifa manevrləri, mizandan-mizana, dialoqdan-dialoqa səs-jest-mimikaları bir tamlıq yaratsa da, sanki səhnənin ortasında benefisini oynayan aktrisa var idi. Onun tərəf-müqabili Sebastianda (Anar Heybətov) sevgili vüsalı ilə alışan məqsədli gənclə bərabər meydanda sanki milli dərd sərxoşu Kefli İsgəndərdən də cizgilər gördük.

Meydan deyiriksə, alqışlarınızla Mariyanı (Nigar Güləhmədova) mərkəzə “dəvət edək”. Viola (İlahə Həsənova) oyunu, manevrləri, birbaşa gedişləri ilə mükəmməl idi, bircə səsinə güc gələ bilmədi. Ser Endryu Egüçikin (Ziya Ağayev) sadəlövh aşiqliyindən, asanlıqla istismar olunmasından danışa bilərik. Tamaşada aktyor kimi bacarıqlarının cüzi hissəsini göstərməyi kifayət etdi və o, obrazını mərkəzə çəkə bildi. Bundan əlavə, od-alov olub səhnəni “yandıran”, epizodlarda belə tamaşaçıya məni gör demədən gözə dəyən Culiya (Xədicə Novruzlu) və təlxək Fabian (Vüsal Mustafayev) ikilisi də var. Elə nə yaxşı ki, var. Yuxarıda qeyd etdiyim hər üç aktyor çağdaş səhnə-sənət meyarlarına cavab verə biləcək gücdə olan gənclərdir.

Tamaşanın əmrə müntəzir çarəsiz aşiqi Malvolio (Aslan Şirin), sərxoş əmisi Ser Tobi Belç (Ayşad Məmmədov) isə oyunçuların öncəki oxşar obrazlarının (o cümlədən “Bəxt üzüyü”nün Hüseyni) təsirindən çıxa bilməmişdi.

Tamaşanın musiqi tərtibatını xüsusi qeyd etmək gərəkdir. Klassik musiqidən roka qədər elə zəngin və zövqlü musiqilər seçilib ki, tamaşaçı bir an belə qulağını tamaşadan ayırmır. Musiqi tərtibatından danışdıqda səhnənin hər iki tərəfində qoyulan mikrofonlar vasitəsilə (vokal üzrə repetitor Zeynəb Safina) aktyorların canlı solo ifalarını alqışlamaq lazımdır...

Həmidə NİZAMİQIZI