Şəki “ASAN Həyat” kompleksində xalqımızın qədim adət-ənənələrindən sayılan Novruz bayramı münasibətilə təşkil edilən festival zəngin proqramı ilə yerli sakinlərə, eləcə də qurumun xidmətlərindən yararlanmaq üçün ətraf rayonlardan gələn vətəndaşlara unudulmaz anlar yaşadıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi Bahar festivalı martın 9-dan 12-dək davam edib.
Festivalın məqsədi xalqımızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq və gələcək nəsillərə ötürmək, insanların bayram əhval-ruhiyyəsini artırmaq, bölgələrdə yaşayan müxtəlif xalqların milli mədəniyyətini, musiqisini, folklorunu, mətbəxini nümayiş etdirmək və tanıtmaqdır.
“ASAN Həyat” kompleksinin həyətində sərgilər, yerli şirkətlərin məhsullarından ibarət yarmarkalar təşkil edilib, milli personajların iştirakı ilə bayram tamaşaları, konsert proqramları təqdim olunub. Pəhləvan və kəndirbazların oyunları, Kosa və Keçəlin duzlu-məzəli zarafatları, idmançıların çıxışları festival iştirakçılarına xoş ovqat bəxş edib.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və “ASAN xidmət”in tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağızadə festival iştirakçılarını qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara xoş əhval-ruhiyyə arzulayıblar.
Bayram tədbirində Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki Uşaq incəsənət məktəbinin, 2, 3 və 4 saylı uşaq musiqi məktəblərinin, Balakən, Zaqatala, Qax rayonlarının rəqs və folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış ediblər. Paytaxtdan dəvət olunan müğənnilər Gülüstan Əliyeva, Yaşar Cəlilov, Zemfira İbrahimova, Ülkər Yaşarqızı və Nurcanın çıxışları hər kəsdə bayram ovqatı yaradıb.