10 mart – Milli teatr günü münasibətilə Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun müəllim və şagird kollektivinin Sumqayıt Dövlət Dram Teatrına ekskursiyası təşkil edilib.
Qrim otağı, butafor və kostyum sexləri, rəssam emalatxanası ilə tanış olan ekskursiya iştirakçılarına Sumqayıt Dövlət Dram Teatrının 50 illik fəaliyyətini əks etdirən sərgi-afişa haqqında məlumat verilib.
Sonra tamaşa zalında teatrın direktoru Mübariz Həmidov və yaradıcı kollektivin üzvləri çıxış edərək bayram münasibətilə teatr sahəsində çalışanları və tamaşaçıları təbrik ediblər. Çıxışlar zamanı mədəniyyət və incəsənət sahəsinə göstərilən dövlət dəstəyindən danışılıb, teatrın keçdiyi zəngin yaradıcılıq yolundan söhbət açılıb.
Sonda M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası göstərilib.
Qeyd edək ki, bu əsər Sumqayıt teatrının səhnəsində ilk dəfə 1969-cu ildə Xalq artisti Cənnət Səlimovanın quruluşunda səhnələşdirilib. Hazırkı quruluşun müəllifi isə Xalq artisti Firudin Məhərrəmovdur.