Prezident İlham Əliyevin Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasının tikintisi ilə bağlı tədbirlər haqqında martın 6-da imzaladığı sərəncam Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən Ağstafa, Tovuz və Qazax rayonlarının mədəniyyət müəssisələri tərəfindən sevinclə qarşılanıb.
Bu məqsədlə Ağstafa rayon Mədəniyyət Mərkəzində regional idarənin müəssisələrini təmsil edən əməkdaşların iştirakı ilə konfrans keçirilib.
Regional idarənin rəisi Vüqar Qədirov dövlət başçısının sərəncamının mədəniyyətimizə, aşıq sənətinə göstərilən diqqət və qayğının daha bir nümunəsi olduğunu vurğulayıb.
Regional idarənin rəis müavini Gülgün Kərimov, idarənin Tovuz rayonu üzrə nümayəndəsi Adil Həsənov, Tovuz rayonundakı Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyinin direktoru Gülbəniz Cəfərova, Qazax rayon Çaylı kənd Folklor evinin müdiri Məhəmmədəli Məşədiyev, Tovuz rayon MKS-nin filial müdiri Qurban Nağıyev və digər çıxış edənlər dövlət başçısının diqqət və qayğısının mədəni inkişafa böyük stimul verdiyini bildiriblər.
Sonda Ağstafa Regional Mədəniyyət İdarəsini əhatə edən mədəniyyət müəssisələrinin kollektivləri adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.