Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında 21 mart – “Beynəlxalq kuklaçı günü” ilə əlaqədar tədbir keçirilib.

Bakı şəhəri 18 nömrəli tam orta məktəbin 4-cü sinif şagirdlərinin iştirak etdikləri tədbirdən əvvəl məktəblilər kitabxanaya ekskursiya ediblər. Kitabxananın əməkdaşı onlara bütün şöbələr haqqında ətraflı məlumat verib.

Tədbirin aparıcısı “Beynəlxalq kuklaçı günü”nün tarixindən danışıb. Qeyd edib ki, bu günün qeyd olunması ideyası məşhur İran kukla teatrı xadimi Civad Zülfaqarihoya məxsusdur. Onun təşəbbüsü ilə Beynəlxalq Kukla Teatrları Assosiasiyası – UNİMA tərəfindən dəstəklənərək 2003-cü ildən qeyd olunur.

Sonra Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimov tədbir iştirakçılarına teatrın yaranma tarixi, kuklaların hazırlanma prosesi və idarə edilməsi qaydaları barədə məlumat verib. Şagirdlər kuklalarla əyani tanışlıq və onlar vasitəsilə milli və dünya nağıl qəhrəmanlarının obrazını canlandırmaq imkanı əldə ediblər.

Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova qeyd edib ki, kuklalar səhnədə görünəndə həmişə bayram olur. Bu gün də kuklalarla uşaqların görüşü bir bayramdır. Əgər kuklalar balacalar üçün bir oyun və əyləncədirsə, böyüklər üçün eyham, mesajdır. O, məktəblilərə Novruz tətili günlərində kitabxananın nağıl saatlarından faydalanmaqla yanaşı, kukla teatrının tamaşalarına getməyi də məsləhət görüb.

Kitabxananın kollektivi aktyor Rəhim Rəhimova maraqlı görüş üçün minnətdarlığını bildirib.