Aprelin 11-12-də Heydər Əliyev Sarayında Rusiyanın məşhur “Kreml baleti” teatrının quruluşunda dahi bəstəkar, SSRİ-nin Xalq artisti Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş ediləcək.
Saraydan bildirilib ki, Azərbaycan və Rusiyanın Mədəniyyət nazirliklərinin, Rusiyanın ölkəmizdəki səfirliyinin birgə təşkilati dəstəyi ilə nümayiş olunacaq baletin səhnə tərtibatı dünyaca məşhur rəssam, SSRİ-nin Xalq rəssamı Tahir Salahova məxsusdur. İkipərdəli baletdə “Kreml baleti” teatrının solistləri, bir çox beynəlxalq müsabiqələrin laureatları iştirak edəcəklər.
Uzun illərdir dünya teatrlarının səhnəsində böyük uğurla nümayiş etdirilən baletin xoreoqraf-quruluşçusu teatrın bədii rəhbəri, Rusiyanın Xalq artisti Andrey Petrov, geyimlər üzrə rəssamı Olqa Polyanskayadır.
Qeyd edək ki, Andrey Petrovun 1990-cı ildə yaratdığı bu kollektivdə Rusiya baletinin bir çox istedadlı və tanınmış sənətçiləri, müxtəlif beynəlxalq müsabiqə və festivalların laureatları, balet ulduzları çalışırlar.