Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi
Martın 16-da Müasir İncəsənət Mərkəzində Xalq rəssamı Qəyyur Yunusun 70 illiyinə həsr edilmiş “Həqiqət yollarında” adlı rəsm sərgisi açılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan sərgidə sənətkarın rəngkarlıq və qrafika janrında olan 100-dən çox əsəri nümayiş edilir.
Sərginin açılışından əvvəl ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın sabiq dövlət başçısı Mladen İvaniç Müasir İncəsənət Muzeyi və sərgidə yer alan rəsm əsərləri ilə bağlı təəssüratlarını bölüşərək deyib: “Bu muzeydə ilk dəfədir oluram. Çox gözəl muzeydir. Sərgilənən əsərlər heyrətamizdir, gözəlliyi ilə seçilir. Nümayiş olunan əsərlərdəki qadın obrazları, onların həyat tərzi, sadəliyi xüsusilə diqqətimi çəkdi. Rəssama yaradıcılığında uğurlar arzulayıram”.
Müasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov çıxış edərək Qəyyur Yunusun yaradıcılığından söz açıb. Bildirib ki, rəssam yaradıcılığında konseptuallığı romantik meyillərlə birləşdirir. Təqdim edilən əsərlər rəssamın həyat və yaradıcılığının müxtəlif dövrlərinə aiddir: “Əsərlər arasında müxtəlif mövzulu kompozisiya, portret və mənzərələr yer alıb. Rəssamın yaradıcılığında Şərq və Qərb incəsənətinin sintezi hiss edilir. Yaratdığı qadın portretləri sayəsində böyük uğurlar əldə etməsi ilə yanaşı, yaradıcılığında dini mövzuda olan əsərlər də üstünlük təşkil edir. Sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürümüzü bildiririk”.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov həmkarını sərgi münasibətilə təbrik edərək deyib ki, onun əsərləri dünyanın bir sıra şəhərlərində nümayiş olunub. Qeyd edib ki, Qəyyur Yunus ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə, İngiltərə, Norveç, Finlandiya, Hollandiya, Polşa və başqa ölkələrdə keçirilən sərgilərin iştirakçısıdır. Onun yaradıcılığı hər zaman maraqlı olub, çünki reallığı canlı yaradan ustad rəssamdır.
Qəyyur Yunus sərginin iştirakçılarına və Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığını bildirərək deyib: “Bugünkü gün məni çox fərəhləndirir. Yubiley sərgimin təşkilində göstərdiyi dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürümü bildirirəm”.
Sonra qonaqlar sərgiyə baxıblar. Ekspozisiyada yer alan rəngkarlıq, qrafika əsərlərində və eskizlərində ayrı-ayrı təsvirlər İslam dininin rituallarını, ibadət edən insanların, zəvvarların və sufilərin obrazlarını əks etdirir. Belə obrazlar əsasən xarici görünüş baxımından da seçilən simalar – ay bənizli gözəllər, yaraşıqlı uşaqlar və nur üzlü yaşlılardır.
Qeyd edək ki, Qəyyur Yunus 1948-ci ildə Bakının Əmircan kəndində anadan olub. 1971-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1977-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. Əsərləri dünyanın bir çox nüfuzlu qalereyalarında, muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.