“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu Novruz bayramı günlərində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə töhfə olaraq Ağstafa şəhərindəki Heydər Əliyev parkında ənənəvi Novruz pavilyonunu qurub.
Bu dəfə pavilyonla “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində müxtəlif bölgələrdən rayona gəlmiş məktəblilər də maraqla tanış olublar.
Gəncə-Şəmkir-Göygöl-Ağstafa-Qazax-Tovuz marşrutu üzrə tur-aksiyada iştirak edən Zaqatala, Balakən, Qax, Kürdəmir, Saatlı və Sabirabad məktəbliləri martın 17-də, Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Füzuli və İmişli məktəblilərindən ibarət qruplar isə martın 25-də rayona səfər ediblər.
“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun pavilyonunda əməkdaşlar tərəfindən qonaqlara qoruq haqqında ətraflı məlumat verilib, bukletlər, flayerlər, “Qədim yurdun daş kitabəsi” adlı sənədli filmin diskləri paylanılıb.