Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında librettosu rejissor Samir Qulamova məxsus olan eyniadlı müzikl hazırlanır.

Məşhur italyan-fransız müğənni-bəstəkarı Rikkardo Koççante ilk dəfə “Notre-Dame de Paris” müziklini 1998-ci ildə Fransa və Kanada şairi Luk Plamondonun eyniadlı librettosu əsasında yaradıb.

Akademik Musiqili Teatrının müzikl tamaşasında Rikkardo Koççante ilə yanaşı, Avstriya bəstəkarı Volfqanq Amadey Motsart və alman bəstəkarı Karl Orffun musiqilərindən də istifadə olunacaq.

Rolları Xalq artisti Pərviz Məmmədrzayev, əməkdar artistlər Şövqi Hüseynov, Səidə Şərifəliyeva, aktyorlar Nadir Xasıyev, Elxan İsmayılov, Əliməmməd Novruzov, Rauf Babayev, Mehriban Zaliyeva, Nicat Həbibov, Aydan Həsənova, Telnaz Hüseynova, İbrahim Əlizadə, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Fərid Rzayev, Atəş Qarayev və Elnarə Nağdəliyeva ifa edəcəklər.

Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru və musiqi redaktoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlər Yelena və Zakir Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənovdur.