Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Beynəlxalq uşaq kitabı günü münasibətilə kitab və rəsm əsərlərindən ibarət sərgi təşkil edilmişdi.
Sərgidə Azərbaycan və dünya uşaq ədəbiyyatından 200-dən çox kitab nümayiş olunurdu. Tədbirə qatılan hər bir uşağa kitabxana tərəfindən dünya uşaq ədəbiyyatı seriyasından kitablar hədiyyə edildi.
Tədbirdə uşaq yazarları Zahid Xəlil, Reyhan Yusifqızı, Solmaz Amanova, Sevinc Nuruqızı, uşaq ədəbiyyatı tədqiqatçısı Füzuli Əsgərli, Mədəniyyət Nazirliyi Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin əməkdaşı Ləman Mahmudova, Ombudsman Aparatının nümayəndəsi Azadə Novruzova iştirak edirdilər.
Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək günün əhəmiyyətindən danışdı. Bildirdi ki, 1805-ci il aprelin 2-də uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersen dünyaya göz açıb. Andersenin nağılları iki əsrə yaxındır müxtəlif dillərə tərcümə olunur, sevilərək oxunur. Bu nağıllar əsasında musiqi əsərləri yazılıb, tamaşalar hazırlanıb, filmlər çəkilib.
1967-ci ildən yazıçının doğum günü Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının təşəbbüsü ilə dünyada Beynəlxalq uşaq kitabı günü kimi qeyd olunur. Məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Çıxışdan sonra tədbir iştirakçıları Gənc Tamaşaçılar Teatrının səhnəsində H.X.Andersenin “Qar kraliçası” nağılının tamaşasına baxdılar. 2017-ci ildə hazırlanan tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradova, rejissor assistenti Sona Mustafayevadır. Səhnə əsərinin plastik həlli Ceyhun Dadaşova məxsusdur.
Savalan FƏRƏCOV