Bizim pantomimaçılar, yəni Azərbaycan Dövlət Pantomima Teatrı illərdir ki, Azərbaycan tamaşaçısına bu əngin və unikal janrı sevdirməyə çalışır. Maraqlı və zəngin repertuarı olan və hər səhnə işində bir ideyanı hərəkət estetikasında ustalıqla təqdim edən teatrın növbəti sənət nümayişinə yığışdıq. Yaradıcı heyətin fevral ayında Bolqarıstana səfər zamanı uğurla təqdim etdiyi “Xocalı bu olub” tamaşası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində bu dəfə yerli izləyicilərə göstərildi...
Hərəkətlər dilə gəldi – əllər haray qopardı, ayaqlar qanda üzdü, dodaqlar aman deyə nalə etdi, saçlar sərt küləkdə sovruldu, gözlər hədəqəsindən çıxdı, ruhlar göyün yeddinci qatına yetişdi... Amma səssiz, sözsüz, dilsiz-ağızsız. Susqun dilləndi ki, ona baxan dilavərlər dilə gəlsinlər. Hər an od olub cismimizi yandıran, qurğuşun kimi boğazımıza dolan gerçəyi dilləndirsinlər. Öncədən bizlərə bəlli olan “Bizim burda göstərəcəklərimiz Xocalıda baş verənlərin bir faizi belə deyil. Amma siz bizi də başa düşün. Bizim hər məşqimiz bir Xocalı hadisəsini yaşamağa başa gəlir ki, bunu da yaşamaq çox çətindir” həqiqəti də qulağımızı cingildətdi.
Tamaşa teatrın Xocalı soyqırımına, mənfur qonşularımızın başımıza gətirdiyi müsibətə həsr olunub. Quruluş və plastik həll üzrə usta rejissor, Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova olan tamaşa Xocalı sakinlərinin faciəsini əks etdirir. Şad gündən faciəyə, səadətdən məşəqqətə, cənnətdən cəhənnəmə yuvarlanan sadə, dinc insanların faciəsini.
Tamaşa toy səhnəsi ilə başlanır. Xocalıda çalınan sonuncu toy səhnəsi ilə. “Vağzalı”, “Mirzəyi” sədaları altında büsat qurulub. Tamaşanın musiqi tərtibatını edən Bəhruz Əhmədli hərəkətləri tamamlayan seçkin melodiyalarla bizi o sonuncu toya, qarlı gecəyə, amansız qırğına elə ustalıqla aparır ki, özümüz də hiss etmədən hadisələrin içinə düşürük.
Bütün bunlardan öncə qaranlıq səhnədə bir işıq yanır. Hiddətlə əlindəki xəncəri itiləyən insan ovçusu gözləmədədir. Qımırından nəyə tamah etdiyi aşkar görünür. O da toya tələsir, özü də çox böyük həvəslə. Dayanmadan qaçır, qaçır. Əməkdar artist Bəhruz Əhmədli rolunu başdan sona elə ustalıqla oynadı ki, tamaşaçının mütləq nifrətini qazana bildi. Deməli, obrazı, ifası alınmışdı.
O, yol gələrkən hər şeydən xəbərsiz Xocalı qadınları qırmızı lentli xonçaları ilə bəyin ətrafında dövrə vurur, musiqinin ənginliyində səadət qəhqəhələri çəkirlər.
Bəy (Əməkdar artist Elman Rəfiyev) bütün plastik bacarıqlarını ortaya qoyaraq gah rəqs edir, gah da həyəcanla gəlinin mağara təşrifini gözləyir. Bəyaza bürünmüş sərvboylu gəlin (Əməkdar artist Səbinə Hacıyeva) ürkək addımlarla irəliləyir. Sevib-seçdiyinin yanında dayanıb sevgi ilə yarını süzür. Onlara heyranlıqla baxan yaxınları, sevgi ilə qucaqlayan əzizləri bir neçə dəqiqədən sonra baş verəcəklərdən bixəbərdirlər.
Musiqinin səsi xırp kəsilir. Allah bilir, hansı korbucaqdan atılan güllə toy iştirakçılarından birini yerə sərir. Ardınca top-tüfəng yağışı başlayır. Hərə bir yana pərən-pərən olur. Zülmət çökür və qulaqbatıran çığırtılar gecənin qaranlığını dəlir.
Küləyin uğultusu çovğunun sovurduğu adamları bezar edib. Can çəkişə-çəkişə irəliləyirlər. Ümidsiz yolçuların ən yaşlısı – ata (Nurlan Rüstəmov) vidalaşdığı yurduna həsrətlə baxaraq baş verəcəklərin dəhşətində qızına (Solmaz Bədəlova) sarılır. Qaçanların içində bir də ana (Əməkdar artist Nargilə Qəribova) var. Qucağına sıxdığı qundaqdakı körpəsinə baxıb çarəsiz fəryad edən ana. Körpə durmadan ağlayır, çığırır, sanki o da hamıya, hər şeyə belə üsyan edir. Qadınlar hərəsi bir hovur körpəni kiritməyə çalışır. Amma o məsum susmur. Çarəsiz ana titrəyən əllərini uşağının ağzına basır. N.Qəribovanın qatil anası çox dəhşətli və inandırıcı alınmışdı.
Amma artıq gec idi, düşmən onları haqlamışdı. Xəncəri qanlı dəstəbaşı (B.Əhmədli) və onun sadiq qulları, qana susamış icraçıları (Elxan Şahalıyev, Cavad Nuriyev) özlərini yetirdilər.
Zülm də bundan sonra başladı. Gəlin ərinin gözləri qarşısında təcavüzə məruz qaldı, müqavimət göstərən ər işgəncə ilə öldürüldü, qızlar (Leyla Atayeva, Nuridə Musabəyli) saçlarından sürünüb əzabla qətlə yetirildi, ahıl ata döyülərək məhv edildi... Qaçıb qurtulan körpəsinin cansız bədənini qucan anadır. Heyhat, ona da aman olmadı. Ölümdən betər oldu. Çığıran, boğulmasına inad sağ qalan körpənin canını cani aldı. Həm də yerdən-yerə çırparaq. Sonra da başına hava gələn anasını...
Əzab, zülm, səhnə-sənət məşəqqətinin 45 dəqiqəlik pantomiması da belə bitdi. Daha doğrusu, həm aktyor, həm də tamaşaçı üçün faktın təsvir-təhlil-nümayiş mərhələsi yekunlaşdı.
Nəticədə fərqli mizanlardakı dinamika, keçidlərdəki ekssentriklik, psixoloji taktlardakı sarsıdıcı quruluş-həll həmlələri tamaşaçını darmadağın ruh halına, sarsılmış əhvala təslim etdi. Aradakı sükutu xısın hıçqırtılar və zaldan səssiz tarix səyahətimizin usta bələdçilərinə gecikən alqış pozdu...
Həmidə NİZAMİQIZI