Ağdam şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunandan sonra bu şəhərin zəngin tarixə malik teatrı dəfələrlə müxtəlif ünvanlarda məskunlaşmış, hansı ünvanda, hansı şəraitdə olsa da, hər zaman tamaşaçılarına xidmət göstərmişdir. Bu müddət ərzində mən də bir neçə dəfə teatra dəvət olunmuş, onların tamaşalarına baxmışam...

Bu dəfə Ağdam Dövlət Dram Teatrında Xanirə Röyanın (İsgəndərova) “Cadu əməliyyatı” tamaşasının premyerasına dəvət olunmuşdum. Martın 12-də səhər tezdən rayonun Quzanlı qəsəbəsinə yola düşdüm.

Qədim Bərdəni keçib Ağdamın Quzanlı qəsəbəsinə doğru yol alırıq. Qəsəbəyə  yaxınlaşanda bizi böyük bir təpənin üstündə düşmənə gözdağı olan, qəlbimizi riqqətə gətirən üçrəngli bayrağımız qarşılayır. Cəbhə xətti heç də uzaqda deyil, amma həyat öz axarındadır. Yolboyu ora-bura tələsən insanlar, balaca uşaqlar adi gündəlik həyatlarını yaşayır. Bu, insanı sevindirir...

Bir qədər də yol gedib, Quzanlı qəsəbəsindəki Ağdam Dövlət Dram Teatrının binasına çatıram. Teatrın direktoru Məmməd Hüseynov, baş rejissoru Novruz Cəfərov, bir neçə aktyor və rayonun ziyalıları məni mehribanlıqla qarşılayırlar. Əsərin müəllifi Xanirə Röya da buradadır. Onun bir neçə əsərini oxumuşam. Bu əsərlərin əksərində hadisələrin maraqlı süjet xətti, obrazların vəziyyətə uyğun xarakter dəyişkənliyi və konflikt, bir dram yazarı olaraq, mənə xoş gəlib...

* * *

“Cadu əməliyyatı” tamaşasının quruluşçu rejissoru teatrın orta yaş nəslinin nümayəndəsi, təcrübəli və istedadlı aktyor Kərim Həsənovdur o həm də baş rolun ifaçısıdır. Səhnə əsərinin quruluşçu rəssamı Müşfiq Qarayev, musiqi tərtibatı Elşən Cəfərov, rejissor assistenti Ceyhun Yusifovdur. Rolları Kərim Həsənov (Qulammirzə), Afaq Əliyeva (Bibixanım), Əməkdar artist Aidə Qasımova (Anaxanım), Afəridə Əhmədova (Nara), Fərhad Fərhadzadə (Əhmədağa), Cəfər Bayramov (Molla), Xəyalə Xudadatova (Gülxanım), Ülviyyə Qasımova (Fatma), Qalib Abdullazadə (Ocaqqulu) obrazlarını ifa edirlər.

Əsərin qısa məzmunu belədir. Qulammirzə hər gün içir və arvadı Bibixanımı  döyür. Bibixanım döyülməkdən təngə gəlib, bacısı Anaxanıma şikayət edir. Anaxanım özü ərinə içkini tərgitdirdiyi kimi, mollanın yanına gedib dua yazdırmağı və Qulammirzəyə uzunqulaq kəlləsinin ətini yedirməyi məsləhət görür. Yazıq qadın əlacsızlıqdan bunu edir və əri içkini atıb, insan cildində olsa da, uzunqulağa çevrilir...

Əsər janr etibarilə yumoristik komediyadır. Tamaşaya janrın tələblərinə müvafiq rejissor yozumu və aktyor oyun tərzi verilib. Aktyorlar janrın tələbləri çərçivəsində  obrazlarını təqdim edirlər. Azərbaycan tamaşaçısı komediyalara və bu səpkili mövzulara meyillidir.

Səhnənin pərdəsi açılan kimi, tamaşaçı sərxoş Qulammirzənin arvadı Bibixanımı döyməyini görür. Kərim Həsənov Qulammirzə obrazını çılğınlıqla, içkili insana məxsus qarmaqarışıq hərəkətlər və mimikalarla ifa edir. Onun təqdimində improvizəyə də müəyyən qədər yer verilir. Obraz tamaşaçıda həm gülüş, həm də məyusluq doğurur.

Kərim Həsənov maraqlı aktyor oyunu ilə həmişə mənim diqqətimi cəlb edib. O, illər ötdükcə daha da püxtələşərək maraqlı və baxımlı olmağı, obrazları ilə tamaşaçıları sevindirməyi bacarır. Baş rolun ifaçısı digər obrazların ifaçılarını da öz oyun tərzinə kökləyə bilib.

Afaq Əliyevanın ifasında Bibixanım hay-haray salan, bir anda kükrəyib, bir anda da sakitləşən, eyni zamanda ailəsinin sakit həyat tərzini hər şeydən üstün tutan  obrazdır. Ümumiyyətlə, aktrisanın oyunu maraqla izlənilir.

Təcrübəli aktrisa, Əməkdar artist Aida Qasımova obrazının mahiyyətini duyaraq xarakterik cizgilərlə baxımlı ifaya nail ola bilir. Afəridə Əhmədovanın Nara obrazı da müasirlərimiz olan yüngültəbiətli gənclərin ümumiləşdirilmiş obrazı kimi diqqət çəkir. Fərhad Fərhadzadənin Əhmədağası mətnə uyğun dəqiq ştrixlərlə yadda qalır. Bundan əlavə, Cəfər Bayramovun Mollası yumoristikliklə yanaşı dəqiqlik və yerində işlənmiş satirik çalarlar, Xəyalə Xudadatovanın Gülxanım obrazının təsvirindəki xarici və daxili vəhdət, Ülviyyə Qasımovanın Fatma və Qalib Abdullazadənin Ocaqqulu obrazlarında da komik çalarlar tamaşaçıların marağına səbəb olur. Bütün bunlar, əlbəttə ki, əsərin mövzusu və dəqiq rejissor yozumu, həmçinin ideyaya uyğun aktyor ifalarından irəli gəlir.

Tamaşanın bədii və musiqi tərtibatı mövcud imkanlara uyğun həllini tapmışdır. Həm musiqi, həm tərtibat mətnin ideyasına, tamaşanın obrazlı təqdimatına  uyğunlaşdırılmışdır. Söz yox ki, tamaşada bəzi xırda əyər-əskiklər də var və bu da təbiidir. Biz bilərəkdən onları sadalamadıq. Düşünürük ki, tamaşa oynandıqca, tədricən bəzi xırda çatışmazlıqlar da ortadan qalxar.

Məsləhətimiz odur ki, bəzi aktyorlar, xüsusən gənclər obrazın təqdimində, ifada tələskənliyə yol verməsinlər. Mətnin dəqiq təqdiminə, sözlərin məna çalarlarının çatdırılmasına çalışsınlar. Ancaq elə bilirəm ki, yaradıcı kollektiv quruluşçu rejissorun yardımı ilə tədricən bu işin öhdəsindən gəlib tamaşaçıları sevindirməyə qadirdir...

Quzanlıda yerləşib, düşmənə öz sənətlərilə meydan oxuyan Ağdam Dövlət Dram Teatrına yeni səhnə uğurları və tezliklə Ağdamda fəaliyyətlərini davam etdirməklərini arzu edirəm.

Çingiz ƏLƏSGƏRLİ
teatrşünas, dramaturq