Sumqayıt Dövlət Dram Teatrında şair-dramaturq Nizami Muradoğlunun “Zülmətdə nur” kitabının təqdimat mərasimi keçirilib.
“Zülmətdə nur” mənzum dramı ötən mövsümdə Sumqayıt Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyes Azərbaycan tarixinin ağrılı bir səhifəsini özündə əks etdirir. Mütəfəkkir şair, böyük dramaturq Hüseyn Cavidin və ailəsinin başına gətirilən faciə, zamanın amansız repressiya maşınının törətdiyi qətllər təsirli şəkildə təsvir olunub. Həmçinin Hüseyn Cavidlə eyni taleyi yaşamış istiqlal şairləri Əhməd Cavadın və Mikayıl Müşfiqin çəkdikləri əziyyətlər də pyesdə yer alıb.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov çıxış edərək əsərin tarixi həqiqətləri özündə ehtiva etmək baxımından əhəmiyyətini vurğulayıb.
Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Firudin Məhərrəmov bildirib ki, korifey sənətkar, böyük dramaturq haqqında pyes yazmaq da, onu tamaşaya hazırlamaq da məsuliyyətli işdir və nə yaxşı ki, yaradıcı heyət bu işin öhdəsindən layiqincə gələ bilib.
Kitabın redaktoru Əhməd Qəşəmoğlu, yazıçı-ssenarist Hafiz İmamnəzərli, professor Allahverdi Məmmədli və başqaları çıxış edərək müəllifi təbrik edib, ürək sözlərini söyləyiblər.