Qusar rayonunun ictimaiyyət nümayəndələri 1918-ci ildə “Qanlı dərə”də qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidəni ziyarət ediblər.
Sonra Qusar Dövlət Rəsm Qalereyasında məktəblilərin 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr etdiyi rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək bildirib ki, erməni generalı Hamazaspın rəhbərlik etdiyi hərbi dəstə 1918-ci ilin yanvar-may aylarında Quba qəzasında 16 mindən çox insanı məhv etmişdi. Soyqırımına məruz qalan sakinlər arasında ləzgi, tat, yəhudi və digər xalqların nümayəndələri də var idi. Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da, yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs məkandır.