Azərbaycan

31 mart 1861 – Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Cabbar Qaryağdıoğlu (1861 - 20.4.1944) Şuşada doğulub.

31 mart 1936 – Xalq artisti, bəstəkar Rafiq Babayev (1936 - 19.3.1994) anadan olub. “Cəngi” folklor-caz kollektivinin yaradıcısı olub.

 

1 aprel 1916 – Tanınmış şair Ənvər Əliverdi oğlu Əlibəyli (1916 - 7.5.1968) anadan olub.

1 aprel 1924 – Xalq artisti, müğənni Abdulla Murtuz oğlu Babayev (1924-2015) Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tumbul kəndində anadan olub.

1 aprel 1933 – Yazıçı-ssenarist, filoloq Vitali Abramoviç Kalmanovski (1933 – 16.6.2014) Bakıda anadan olub.

1 aprel 1954 – Opera müğənnisi, teatr xadimi Əhməd Bəşir oğlu Ağdamski (Bədəlbəyli; 5.1.1884 - 1954) vəfat edib.

1 aprel 1981 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 19.5.1910 – 1981) vəfat edib. Əsərləri: “Qız qalası”, “Lenin”, “Qızılgül olmayaydı” (poema), «Rənglər» (şeirlər silsiləsi) və s.

 

2 aprel 1870 – Şair Azər Məcid oğlu İmaməliyev (Azər Buzovnalı; 1870 - 8.8.1956) Bakının Buzovna kəndində doğulub. Fars dilindən ədəbi tərcümələr edib.

2 aprel 1931 – Xalq rəssamı Altay Əmir oğlu Hacıyev (1931 – 12.2.2019) anadan olub. Qrafika nümunələrinin, portretlər silsiləsinin (“Məhsəti Gəncəvi”, “Sara Xatun”, “Xurşudbanu Natəvan”) və s. əsərlərin müəllifidir.

  

3 aprel 1908 – Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub.

3 aprel 1922 – Tarixçi və arxeoloq, dünyanın ən qədim insan məskənlərindən olan Azıx paleolit düşərgəsinin ilk tədqiqatçısı Məmmədəli Murad oğlu Hüseynov (1922-1994) Qazax rayonunun Molla Cəfərli kəndində anadan olub.

     

4 aprel 1913 – Xalq artisti Əli Yusif oğlu Zeynalov (1913 - 6.1.1988) Salyanda doğulub. Milli Dram Teatrında çalışıb. Çəkildiyi filmlər: “Bir qalanın sirri”, “Həyat bizi sınayır” və s.

4 aprel 1898 – Mədəni-maarif xadimi Məryəm Teymur qızı Bayraməlibəyova-Məlik-Yeqanova (1898-1987) Lənkəranda anadan olub.

4 aprel 1931 – Teatrşünas, professor, AMEA-nın müxbir üzvü İnqilab Saleh oğlu Kərimov (1931 - 22.7.2011) Göyçayda anadan olub.

4 aprel 1935 – Xalq artisti Muxtar Qəmbər oğlu Maniyev (1935 – 22.12.2016) Bakıda doğulub. 50-dən çox filmdə (“Bizim Cəbiş müəllim”, “Babək”, “Nəsimi”, “Nizami” və s.) maraqlı obrazlar yaradıb.

 

Dünya

 

31 mart 1596 – Fransız filosofu Rene Dekart (Rene Descartes; 1596 - 11.2.1650) anadan olub.

31 mart 1732 – Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn; 1732-1809) anadan olub.

31 mart 1914 – Meksika şairi, kulturoloq, ədəbiyyat üzrə Nobel mükafatı (1990) laureatı Oktavio Pas (Octavio Paz; 1914-1998) anadan olub.

 

1 aprel 1809 – Rus yazıçı-dramaturqu Nikolay Vasilyeviç Qoqol (Yanovski; 1809 - 4.3.1852) anadan olub. “Ölü canlar” romanı, “Müfəttiş”, “Evlənmə” pyesləri və s. əsərlərin müəllifidir.

1 aprel 1873 – Rus bəstəkarı, pianoçu Sergey Vasilyeviç Raxmaninov (1873-1943) anadan olub. 1917-ci ildə Amerikaya mühacirət edib.

 

2 aprel 1805 – Danimarkalı yazıçı, dünya şöhrətli nağılbaz Hans Kristian (Christian) Andersen (1805-1875) anadan olub. Andersenin xatirəsinə ehtiram olaraq 2 aprel “Beynəlxalq uşaq kitabı günü” elan olunub. 1967-ci ildən Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə qeyd edilir.

2 aprel 1840 – Fransız yazıçısı, naturalizm ədəbi cərəyanının nəzəriyyəçisi Emil Zolya (Emile Zola; 1840 - 29.9.1902) anadan olub.

 

3 aprel 1783 – Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving; 1783-1859) anadan olub.

3 aprel 1918 – Ukrayna yazıçısı Oles (Aleksandr) Qonçar (1918-1995) anadan olub.

3 aprel 1924 – Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: “Limanda” (“Oskar”, 1954), “Xaç atası” (“Oskar”, 1972), “Parisdə sonuncu tanqo” və s.

 

4 aprel 1818 – İngilis yazıçısı, macəra romanlarının (“Başsız atlı” və s.) müəllifi Mayn Rid (Thomas Mayne Reid; 1818-1883) anadan olub.

4 aprel 1932 – Rus kinorejissoru və ssenaristi Andrey Tarkovski (1932-1986) anadan olub.

Hazırladı:  Vüqar ORXAN