İsveçrənin Bazel şəhərində keçirilən 14-cü Querfeld Mədəniyyətlərarası film festivalında “Azərbaycanın dostları” diaspor təşkilatının dəstəyilə “Tabutçunun yelləncəyi” qısametrajlı bədii filmi nümayişi etdirilib.

Almaniyada yaşayan gənc azərbaycanlı rejissor Elmar İmanovun 2012-ci ildə çəkdiyi ekran əsəri festivalın açılış filmi olaraq göstərilib və tamaşaçıların böyük marağına səbəb olub.

Nümayişdən əvvəl “Azərbaycanın dostları” diaspor təşkilatının rəhbəri Arzu Əliyeva tamaşaçılara ölkəmizin mədəniyyəti, musiqisi, kinematoqrafiyası barədə söz  açıb, film haqqında məlumat verib.

“Tabutçunun yelləncəyi” sərt ata və onun oğlu arasında olan mürəkkəb münasibətləri təsvir edir. Film Amerika Kino Akademiyasının “Tələbə Oskarı” mükafatı da daxil olmaqla, bir çox mükafatlara layiq görülüb.

Festival çərçivəsində təşkilatçılar tərəfindən Azərbaycan mədəniyyətini və mətbəxini təqdim edən guşə də yaradılıb. Qonaqlar milli yemək və şirniyyatların dadına baxıb.

Xatırladaq ki, 2006-cı ildən ənənəvi olaraq keçirilən festival İsveçrədə yaşayan müxtəlif xalqların nümayəndələri tərəfindən təşkil olunur və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsinə, ölkədə tolerantlığın təşviqinə xidmət edir.