Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi-vətənpərvərlik tədbiri keçirilib.

Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Aprel şəhidlərinin valideynləri, ailə üzvləri, döyüşlərdə yaralanaraq sağlamlıqlarını itirən əsgər və zabitlər, Bakıdan, qonşu rayonlardan gəlmiş Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Heydər Əliyev adına parkda keçirilən hərbi şöhrət bayramında hərbi orkestr “Azərbaycan fanfarası”nı ifa etdikdən sonra Üzeyir Hacıbəylinin “Cəngi” musiqisinin sədaları altında “Aprel zəfəri - 2016” ədəbi-musiqili-xoreoqrafik kompozisiya təqdim olunub.

Aparıcılar – Xalq artisti Pərvanə Qurbanova və Əməkdar incəsənət xadimi Abdulla Qurbani Aprel zəfərinin yeni hərb tariximizdə mühüm yer tutduğunu, Prezident, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Aprel döyüşlərinin bizim şanlı tarixi qələbəmiz olduğunu nəzərə çatdırıblar. Aprel zəfərinə həsr edilmiş mahnılar, hərbi marşlar və rəqslər ifa edilib.

Aprel döyüşlərində, Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında və keçən ilin mayında Naxçıvan Muxtar Respublikasında uğurlu əks-hücum nəticəsində strateji yüksəkliklərin nəzarətə götürülməsində müstəsna xidmətləri olmuş hərbi hissələrin döyüş bayraqları meydana gətirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev və digər çıxış edənlər vurğulayıblar ki, son illər Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm işlər görülüb.

Tədbirdə Şəmkir hərbi birliyinin hərbi qulluqçuları öz məharətlərini nümayiş etdirib, incəsənət ustaları Vətəni, Azərbaycan Ordusunu tərənnüm edən konsert proqramı ilə çıxış ediblər. Aprel döyüşlərinin Qazax rayonundan olan ölməz qəhrəmanları – şəhid kapitan Mühüd Orucov, baş leytenant Elvin Namazov və əsgər Orxan Əliyevin xatirəsinə məşəllər yandırılıb.