Azərbaycan xalqının öz müstəqil dövlətini yaratmaq uğrunda apardığı mübarizə keşməkeşli, ağır və Ermənistanın ölkəmizdə törətdiyi qanlı, dəhşətli fəlakətlərlə, faciələrlə yaddaşımıza əbədi həkk olunub.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin Sumqayıt MKS-də 1918-ci il azərbaycanlıların soyqırımının 101-ci və Kəlbəcərin işğalının 26-cı ildönümünə həsr edilən anım tədbirində də bu dəhşətlər haqqında söz açılıb.
Tədbirin aparıcısı, Sumqayıt MKS-nin əməkdaşı Sevda Məhəmmədova Ermənistanın sovet rejiminin ermənipərəst rəhbərlərinin himayəsi altında Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı işğalçılıq müharibəsinin nəticələrindən bəhs edib. Bildirib ki, bu müharibə nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox insan öz yurdundan didərgin salınıb, 877 yaşayış məntəqəsi – şəhər, kənd, qəsəbələr qarət edilib, dağıdılıb.
Tədbirdə iştirak edən kəlbəcərli qələm adamlarından “Azərbaycan” qəzetinin əməkdaşı Məhəmməd Nərimanoğlu xatırladıb ki, Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən, 1936 kv. km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonu 1993-cü il mart ayının sonu, aprelin əvvəllərində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, dinc əhaliyə vəhşicəsinə divan tutulub, kəlbəcərlilər min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb. Diqqətə çatdırılıb ki, işğaldan bir il öncə, 1992-ci il aprel ayının 7-dən 8-nə keçən gecə erməni faşistləri, Xocalı soyqırımının davamı kimi, Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndini tamamilə yandırmış, 779 nəfər dinc sakininə divan tutandan bu gözdən uzaq, könüldən iraq diyarı mühasirəyə salaraq, məkrli planının bir hissəsini reallaşdırmışdı. Erməni qəddarlığının həddi-hüdudu yox idi. 33 nəfər qətlə yetirilmişdi. Onların arasında olan 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmışdı...
Əməkdar jurnalist Rafiq Oday, Sumqayıt Poeziya evinin direktoru İbrahim İlyaslı, kəlbəcərli şairlərdən Yusif Hüseyn, Namiq Dəlidağlı, şairlərdən Elbrus Qayalı, Müşfiq Zülfüqar, Ədalət İzzətoğlu, Etibar Səfərli, Qaratel Azəri, Rəhilə Veysəlli, Ələsgər Həsənli, Asif Asiman, tarixçi-tədqiqatçı Taleh Şahməmmədov və digər çıxış edənlər bildiriblər ki, bütün bu dəhşətlər barədə 26 ildir kəlbəcərlilər danışır, deyir, mətbuatda yazır. Amma düşmən öz bildiyindədir. İkiüzlü siyasəti ilə bəşəriyyəti çaş-baş qoyan hegemon dövlətlər hələ də susur, yaxud işğalçı ilə təcavüzə məruz qalanları ya bilərəkdən ayırd etmək istəmir, ya da Ermənistana havadarlığını gizləmir. Demək, dünya ikili standartlar üzərində bərqərar olub.
Tədbirin bədii hissəsində Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbin şagirdi İlahə Hüseynzadə, Sumqayıt Dövlət Universitetinin tələbəsi İlkin Abbasovun da çıxışları yaddaqalan olub. Sumqayıt şəhər 29 saylı məktəbin şagirdi Fəridə Camallı Kəlbəcər haqqında oxuyub-öyrəndiklərini tədbir iştirakçılarına çatdırarkən bu işdə ona yaxından kömək edən MKS-nin əməkdaşları Aidə Qələndərova, Sevda Məhəmmədova, Məlahət İsgəndərova və Cəmilə Əliyevaya təşəkkürünü də unutmayıb. Tarixçi, araşdırmaçı-jurnalist Tahirə Zeynalova, şəhər Ağsaqqallar Şurasının üzvü Səidə Vəliyeva, MKS-nin fəal oxucularından təqaüddə olan alman dili müəllimi Vilayət Qasımov, Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsinin tələbələri də dəyirmi masaların burada müntəzəm təşkil olunduğundan razılıqla söz açıb, bədii qiraətlə, telli sazın həzin müşayiətilə Kəlbəcərə həsr edilən şeirləri səsləndiriblər.