və ya Evripid elə bir qəhrəman yaratdı ki...

“Gürcü teatrının tamaşası” ifadəsi bəs edir ki, həmin tamaşanın nə vaxt və harada oynanılacağı ilə maraqlanan çox olsun. Budəfəki göstəri də istisna deyildi.

Aprelin 5-də Akademik Milli Dram Teatrının səhnəsində Mesxeti (Axaltsixe) Peşəkar Dövlət Dram Teatrı “Medeya Evripidə qarşı” (müəllif – Janri Kaşiya) tamaşasını oynadı. Teatr tarixini bilənlər qədim yunan dramaturqu Evripid, əsatir qəhrəmanı Medeya, bu qadının Yasona olan məhəbbəti, ondan üz döndərən sevgilisinə acı yaşatmaq üçün övlad qatilinə çevrilməsi barədə məlumatlıdırlar.

Amma təxminən iki min beş yüz ildir ki, Evripidin səhnəyə gətirdiyi bu obraz təkcə xarakterik rol oynamaq istəyən, özgüvəni yüksək olan dramatik aktrisalara deyil, dramaturqlara da rahatlıq vermir. Onlar da Medeyanı qətllər törətməyə vadar edən səbəbləri açmaq, onu  tamam fərqli psixoloji priyomlarla anlamaq istəyiblər. Əgər belə olmasaydı, qədim yunan dramaturqundan üzü bəri neçə müəllif “Medeya” faciəsinə (ötən əsrin səksəninci illərində bizim Akademik Dram Teatrında J.Anuyun eyniadlı faciəsi tamaşaya qoyulmuşdu) müraciət etməzdi.

“Medeya” faciəsi dramaturqları o qədər məşğul edib ki, artıq onlar Medeya roluna iddialı aktrisaları əsər qəhrəmanına çevirirlər. Məsələn, belə tamaşalardan biri – “Medeya. Sekvensiya 001” əsəridir ki, Azərbaycan Dövlət Yuğ Teatrının repertuarındadır. O birini də Mesxeti teatrı bizə göstərdi.

…Bir əyalət teatrının adi iş gününü təsəvvür edin. Rejissor (Manuçar Qoqolauri) Evripidin “Medeya”sını hazırlayır. Bəlkə də o, bu əsərə müraciət etməzdi. Amma neyləsin ki, qrant udub, qədim yunan dramaturgiyasından bir əsər hazırlamalıdır. Premyeraya lap az qalıb. Üstəlik, bu tamaşa Yunanıstanda göstərilməlidir. Amma öz adı da Medeya olan baş rolun ifaçısı gənc aktrisa (Liako Qogidze) tərsliyi və geniş mütaliəsi üzündən hər şeyi alt-üst etməkdə israrlıdır. Aktrisa öz qəhrəmanının Yasona acı çəkdirməkdən ötrü övladlarına qıymasına inanmır. Korinflilərin Evripidi dilə tutub, rüşvət verib əsərə düzəliş etməyə razı saldıqlarına, körpələrə qıymaq günahını məhz müəllifin əli ilə Medeyanın boynuna qoyduğuna əmindir. Aktrisanın tərsliyini ərköyünlük kimi dəyərləndirən rejissorun dərdini texniki rejissordan (Liya  Suluaşvili) başqa kimsə anlamır. Bu tamaşada rol almış digər aktrisa, həm də rejissorun arvadı (Manana Beridze) də narazıdır, Yason rolunu oynayan, artıq teatrda hər kəsin onu öz adı ilə deyil, məhz obrazın adı ilə çağırmalarına öyrəşmiş aktyorun (Nikoloz Qogidze) da dünya-aləm vecinə deyil. 

Teatrın tamaşaçıya göstərilməyən yaradıcılıq konfliktinin doğurduğu mübahisə bununla nəticələnir ki, rejissor baş rolu Medeyadan alıb başqa aktrisaya  verir. Və … tamaşa xilas olur. Çünki tamaşanı mütləq xilas etmək lazımdır! Axı, qrant pullarının nəyə xərcləndiyi barədə hesabat verilməlidir, həm də… ən əsas məsələ: Yunanıstana getmək quruluşçu rejissorun uşaqlıq arzusudur. Onun ən çəhrayı diləyi Egey dənizinin mavi sularında balıq tutmaqmış. Bu arzuya görə qrant uğrunda mübarizəyə də girişmək olar, cavab tapa bilmədiyin sualların qarşısında çapalamaq da.

…Hər şey yaxşı qurtarır. Tamaşa Yunanıstanda oynanılır. Yalnız tamaşa oynanılandan sonra məlum olur ki, bu səfər çoxunun ən böyük arzusunu gerçəkləşdirə bilər: çünki tamaşada məşğul olan hər kəs Avropada qalmaq, geri qayıtmamaq niyyətindəymiş. Rejissorun təklifi ilə tilov atıb balıq tutmağa yığışan heyət gözlənilməz hadisə ilə üzləşir. Qəfil başlayan külək dənizdən bir gəmini düz onların qarşısına gətirir. Bəs gəmidəki kimdir? Medeya. Dünyanın sonunu gətirən qadın, yəni apokalipsis. Zülmət çökür, tamaşa bitir.

…Azərbaycan tamaşaçısı qonaq teatrı alqışlayır. Və salonu tərk edir. Düşüncələr, təəssüratlar isə çeşidli… Doğrudanmı, dünyanın sonunu Medeya kimilər gətirəcək? Bəlkə inkişaf, tərəqqi elə qəhrəman müəllifə qarşı çıxanda başlayacaq?.. Kim bilir…

Gülcahan MİRMƏMMƏD