Azərbaycan

10 aprel 1923 – Yazıçı-dramaturq Salam Dadaş oğlu Qədirzadə (1923 – 16.11.1987) anadan olub. “Şirinbala bal yığır”, “Hardasan, ay subaylıq”, “Həmişəxanım” komediyalarının müəllifidir.

 

11 aprel 1854 – Yazıçı, dramaturq, publisist Nəcəf bəy Vəzirov (1854 - 9.7.1926) Şuşada anadan olub. Bəzi mənbələrdə doğum günü kimi 2, 7 aprel də göstərilir. “Müsibəti-Fəxrəddin” dramı ilə Azərbaycan ədəbiyyatında faciə janrının əsasını qoyub. “Ev tərbiyəsinin bir şəkli”, “Yağışdan çıxdıq, yağmura düşdük” və s. komediyaların müəllifidir.

11 aprel 1914 – Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev; 1914 - 6.11.2009) Bakının Mərdəkan kəndində doğulub. Əsərləri: “Şimal küləyi”, “Dəniz qapısı”, “Ömrün oğlan çağları”, “Dəniz həmişə göy olmur” və s. “Kölgələr sürünür”, “Yenilməz batalyon” filmlərinin ssenarisini yazıb.

 

12 aprel 1866 – Teatr və maarif xadimi Əbülqasım Sultanov (1866 - 1916) anadan olub. Naxçıvan teatrında aktyor kimi çıxış edib. Molla Nəsrəddin lətifələrini rus dilinə çevirib, “Ədəbi nümunələr müntəxəbatı”nı (XIX-XX əsrlər) tərtib edib.

12 aprel 1889 – Məşhur xanəndə, Xalq artisti Seyid Şuşinski (Mir Möhsün ağa Seyid İbrahim oğlu; 1889 - 1.10.1965) Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonunun kəndi) anadan olub. 1920-ci illərdə Azərbaycan Dövlət Dram Teatrında çalışıb, 30-60-cı illərdə Dövlət Filarmoniyasının solisti olub, pedaqoji fəaliyyət göstərib.

12 aprel 1903 – Azərbaycan mətbuatının, ictimai fikrinin inkişafında mühüm rol oynamış “Şərqi-Rus” qəzeti Tiflisdə nəşrə başlayıb. Şərqşünas-alim Məhəmmədağa Şahtaxtinskinin redaktoru olduğu qəzet tanınmış yazarları ətrafında birləşdirmişdi. Məhəmməd Əmin Rəsulzadənin ilk mətbu yazısı burada dərc edilib. Qəzet iki il nəşr olunub.

12 aprel 1907 – Tanınmış folklorşünas, dramaturq Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (1907 - 5.10.1982) anadan olub. “Kitabi-Dədə Qorqud” eposunun, dastanların, nağılların toplanması və tədqiqində mühüm xidməti var. Ssenariləri əsasında “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı?” filmləri çəkilib.

12 aprel 1912 – Əməkdar artist Məmmədağa Ağakərim oğlu Dadaşov (1912 - 3.12.1996) anadan olub. Gənc Tamaşaçılar Teatrının yaradıcılarındandır, ömrünün sonunadək burada çalışıb.

 

Dünya

 

10 aprel 1847 – Amerika jurnalisti, naşir Cozef Pulitser (Joseph Pulitzer; 1847-1911) anadan olub. Jurnalistika aləmində məşhur Pulitser mükafatının yaradıcısıdır.

10 aprel 1932 – Misir və Amerika aktyoru Ömər Şərif (əsl adı Mişel Demetri Şalhub; 1932 - 10.7.2015) İsgəndəriyyə şəhərində doğulub. Filmləri: “Ərəbistanlı Lourens”, “Çingiz xan”, “On üçüncü döyüşçü” və s.

10 aprel 1937 – Tatar əsilli rus şairəsi Bella Axmadulina (1937-2010) anadan olub. “Titrəmə”, “Musiqi dərsləri”, “Çovğun”, “Şam”, “Bağ” və s. poetik topluların müəllifidir.

 

11 aprel 1894 – Məşhur sirk ustası, illüzionist, Rusiyanın Xalq artisti Emil Kio (Qirşfeld-Renard; 1894-1965) anadan olub.

11 aprel 1914 – Kanada kinorejissoru və rəssamı, multiplikator, “Oskar” mükafatı laureatı Norman MakLaren (1914-1987) anadan olub.

 

12 aprel 1823 – Rus dramaturqu Aleksandr Nikolayeviç Ostrovski (1823-1886) anadan olub. “Kasıblıq eyib deyil”, “Gəlirli yer”, “Tufan”, “Cehizsiz qız”, “Balzaminovun evlənməsi” və s. pyeslərin müəllifidir. Bir sıra pyesləri əsasında filmlər çəkilib.

12 aprel 1928 – Gürcü opera müğənnisi, SSRİ Xalq artisti Zurab Ancaparidze (1928 -12.4.1997) anadan olub.

Hazırladı:  Vüqar ORXAN