Pakistan kinosu haqda düşüncələr
Tarixin müəyyən dönəmində Hindistan kinosunun vahid ailəsinə daxil olan Pakistan kinosu Hindistan dini mənsubiyyətinə görə ikiyə bölünəndən sonra öz adını İslamla şərəfləndirib Pakistan İslam Respublikasının kinosuna çevrildi. Beləliklə, Bollivud kino sənayesindən ayrılıb, Lahorda özünün Lollivud kino sənayesini yaradan Pakistan ötən əsrin 60-cı illərinin sonunda ekranlara “Sayxa” filmiylə təşrif buyuranda sadə statistik tamaşaçı Pakistan-Hindistan münasibətlərindən xəbərsizdi.
Belə ki, o dövr ekranlarda heyranlıqla tamaşa etdiyimiz hind filmləri kimi, mentalitetimizə uyğun abır-həyasıyla seçilən “Sayxa” elə hind filmi kimi də yaddaşlarımızda qaldı. Əgər bu gün internetə girib “Sayxa” haqda məlumat almaq istəsəniz, yenə də çaşıb qalacaqsınız. Çünki bəzi yerlərdə o hind, bəzilərində isə Pakistan filmi kimi təqdim olunur. Ancaq, bununla belə, Pakistan kino tarixinin elə bir dövrü olub ki, Pakistan kinosunun Hindistan, hind kinosunun isə Pakistanın kino ekranlarına çıxarılmasına qadağalar qoyulub. Yəni ölkələri arasında gedən müharibələrin ağrı-acısını kino sənətkarları da çəkməli olublar. 70-ci illərdə hind kinosu onun pakistanlı pərəstişkarlarına pirat yoluyla çatırdı.
Doğrudur, 50-60-cı illər Pakistan kinosunun yüksəliş mərhələsi kimi qeydə alınsa da (“Sayxa” 1956-cı ildə çəkilmişdi), 70-ci illərdə o özünün böhran dövrünü yaşayıb. Belə ki, Hindistanın ikiyə bölünməsi nəticəsində yaranan Pakistan da ikiyə bölünüb, ölkənin şərqində yeni bir dövlət – Banqladeşin yaranması ilə regionun siyasi xəritəsi dəyişdi. Bu siyasətdən incəsənətin ən vacib sahələrindən olan kino ağır zərbə aldı. Pakistan, Lahor və Kəraçi ilə yanaşı, özünün əsas kino mərkəzlərindən biri sayılan Dəkkəni itirdi. Bu illərdə məşhur kino bülbülü, müğənni Runa Leyla da Dəkkəyə köçdü. Ölkənin digər kino sənətkarı, Pakistan kinosunun Marlon Brandosu və Elvis Preslisi kimi şöhrətlənən gözəl simalı Vahid Murad da kinonun bu böhranına dözməyib intihar etdi. Vahid Murad bizə həmin illər ekranlardan digər məşhur kino ulduzu Babra Şəriflə çəkildiyi “Şabana” filmindən tanışdır. 1976-cı ildə çəkilən bu film 1972-ci il Bollivud istehsalı olan “Zita və Gita”nın oxşarı idi, Babra Şərif də burda Hema Malini kimi iki bacı obrazında tək özü oynayırdı.
Beləliklə, hər bir ölkənin kino tarixinə nəzər salsaq, onun ölkənin siyasi tarixindən geri qalmadığını fakt kimi qəbul edərik. Kinoda isə bu məsələ xüsusilə həssasdır. Hər bir dövlətin kinosu, insan ürəyinin kardioqramı kimi, dövlətin ürəyinin kardioqramıdır. Pakistan kinosunun timsalında da bu belədir. Digər ölkələrdə olduğu kimi, bu kardioqramdakı xətləri yaradan nöqtələr kino sənətkarlarının özləridir, onların taleləridir.
Burda haşiyə çıxmaq istərdim. Çox uzağa getmədən, Pakistanın vaxtilə daxil olduğu Hindistan kino ailəsindən misal çəkim.
Ötən ilin fevralında dünya şöhrətli Bollivud ulduzu Şridevinin müəmmalı ölümü müasir kino sənayesinin (xüsusilə Şərqdə) sənətkar qurbanları bahasına yaşadığına bir sübutdur. Demək olar ki, bütün həyatını kinoya həsr etmiş, 4 yaşından etibarən hind kinosunun siması olaraq 300-dən artıq filmə çəkilmiş bu gözəl aktrisanın ölüm səbəbləri ciddi şəkildə araşdırılmadı. Ölüm səbəbi isə, çox gülməli olduğu qədər də, ağlamalıydı. Guya vanna qəbul edərkən, huşunu itirib, vannadakı suda boğularaq ölüb. Beləliklə, Bollivudun kino sütunlarından birini öz çiyinlərində saxlayan Şridevi haqqında danışdığım kardioqramın nöqtəsi kimi köçdü dünyadan.
Yenidən kinoda abır-həya məsələlərinə qayıdım. Yadımdadır, ötən əsrin 60-cı illərində kinoteatrlarımızda anşlaqla göstərilən hind filmlərinə qocalı-cavanlı, ailəliklə hamı baxmaq istəyirdi. Anam deyərdi ki, heyf deyil hind kinosu, abır-həya gözləyirlər, heç bir açıq-saçıq səhnə yoxdur. Hindistan kino sənətkarları özləri də bu xüsusiyyətlərini filmlərində vurğulamağı unutmurdular. Yəqin ki, kinosevərlər “Sanqam” filmində Rac Kapurun yaratdığı obrazın Eyfel qülləsi başında gözəl Vyadjentamalanı öpmək istərkən, onun buna yol verməməsi və bunu alqışlayan qoca fransız xanımlarıyla olan epizodu xatırlayırlar. O qadınlar “Hindistandansınız?!” deyərək heyranlıqla baxmışdı bu sevgili çütlüyə.
Bəli, Hindistan kinosu belə xüsusiyyətləriylə tək müsəlman Şərqində deyil, həm də Qərbdə sevilirdi. Ancaq indi belə deyil. Məsələn, bu gün dünya söhrətli Bollivud ulduzu Şahrux Xan öz müsəlman mənsubiyyətini qorumaqçün öpüşməklə bağlı səhnələrə çəkilməkdən imtina etsə də, hərdən bu qadağasını reallaşdıra bilmir...
Bəs Pakistan İslam Respublikası necə, köküylə Qərbə bağlı olan bu incəsənət növünü öz müsəlman mentalitetinə uyğunlaşdıra bilirmi?
Bu günlərdə Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmandla kino ilə bağlı söhbətim əsnasında onun bu fakta münasibətini öyrənmək istədim. Səfir öz ölkəsinin kinosu haqda kifayət qədər danışsa da, bu sualın üzərindən keçdi. Pakistanın müasir kinosuyla tanış olmaq istəyən istənilən kəs də bu suala cavab verməkdə çətinlik çəkəcək.
Həqiqətən, Pakistan kinosu bu baxımdan, məsələn, digər İslam respublikası olan İran kinosundan fərqlənir. Bunu ilk növbədə bu kinonun hind kinosuna bağlılığıyla da əlaqələndirmək olar, yəni melodram – rəqslər, musiqi, gözəl cütlüklər bu kinonun əsas atributları olaraq hələ də qalır.
Müasir hind filmlərində kadrarxası mahnıların ifaçıları əsasən Pakistan aktyorlarıdır; bu onların Bollivuda can atmaları faktlarından biridir. Bu ifaçıların ən görkəmli nümayəndələri Atif Aslam və Armida Rana hesab olunsa da, hind kinosunda onlar tək deyil. Digər bir fakt isə odur ki, Pakistan bu gün Qərbin bir çox kino sənətkarlarıyla əməkdaşlığa üstünlük verir; Almaniya, Kanada, Fransa və digər Qərb ölkələriylə birgə çəkilən filmlər yetərincədir. Bu gün Pakistan kinosunun gənc aktrisalarının kinoya gəlişini izləsək, onların ilk əvvəl model biznesiylə bağlılığının şahidi olacağıq. Bu xüsusda bütün müsəlman ölkələrində olduğu kimi, qadın sənətkarların sənətə gəlişinin enişli-yoxuşlu olduğunu təsəvvür etmək çətin olmur.
Pakistan kinosunun bir xüsusiyyəti də diqqətçəkəndir. Əksər filmlərində şəriət əxlaq normalarına münasibətə yer ayrılır və patriarxal adət-ənənələrə qarşı bir üsyankar ruh duyulur. Əksər hallarda da belə filmlər qadın ölümü ilə bitir. Bu filmlərin mövzusu bir növ, bizim də tez-tez eşitdiyimiz kriminal xəbərlərin (namus üstündə qətllər) mövzusuna yaxın olur.
Məsələn, iki Qərb ölkəsiylə əməkdaşlığın məhsulu olan “Toy” filmində də pakistanlı gənc öz bacısını namus üstündə qətlə yetirir. Filmin ssenari müəllifi və rejissoru qərbli Stiven Streker olduğu üçün Qərbin müsəlman dünyasında qadına qarşı zorakılığın bu “nümunə”sini lentə almaq istəyini anlamaq olar.
Lakin Pakistanın özünün istehsalı olan “Son söz” filmi (ssenari müəllifi və rejissor Şoib Mansur) müsəlman cəmiyyətinin patriarxal ənənələrini sağdan və soldan elə şəkildə qamçılayır ki...
2011-ci il istehsalı olan bu filmin qısa annotasiyasını təqdim edib, ona baxmağınızı məsləhət görərdim.
Filmin baş qəhrəmanı Zeynəb (aktrisa Humaima Malik) atasını qətlə yetirərək ölüm hökmüylə dar ağacından asılmağa gətirilib. Ölümdən öncə son arzusu mətbuat qarşısında onu qatil edən səbəblərin qısa hekayəsini danışmaq olduğu üçün ona bu imkan yaradılmışdır. O, ailələrində baş alıb gedən kasıblıqdan, anasını ona oğul bəxş etməyənə qədər hər il dünyaya bir uşaq gətirməyə məcbur edən atasının zülmlərindən söhbət açır. Ailədə dünyaya gələn 14 qızdan birinin də evdən çölə çıxmağa icazəsi yoxdur. Ata deyir ki, evə çörəyi kişi gətirər. Nadan insana xas bütün xüsusiyyətlər bu atanın dünyagörüşündə cəmlənib və ən dəhşətlisi də budur ki, bu kişi əhatəsində xüsusi hörmətə layiq bir şəxs kimi dəyərləndirilir. O, ətrafının ona bu xüsusda olan hörmətini qoruyub saxlamaqçün hətta öz doğma övladını belə öldürməkdən çəkinmir. Həyatın dibinə qədər sürüklənən bir insan nə edə bilərsə, hamısını edir.
“Ruzini verən Allahdır” deviziylə yaşayan ər dünyaya gətizdirdiyi uşaqlara çörəkpulu tapmadığı anda, özüylə təkbətək qalanda belə bu devizinə sadiq qalıb qızlarını işləməyə buraxmır və sonda qızı tərəfindən qətlə yetirilir.
Filmin sonunda bu hekayəni dinləyən qadın jurnalistlərdən biri dərhal Prezident Administrasiyasına zəng edib edamın ləğv edilməsi haqda fərman verilməsini xahiş edir. Lakin gecə olduğu üçün yatmış prezidenti oyatmağa cəsarət edən tapılmır. Beləliklə, günahsız bir qadın edam olunur.
Film belə bir sonluqla bitir. Ata artıq yoxdur, heç bir təhsil almamış qızlar evlərinin qarşısında kafe açıb, biş-düşlərini satmaqla məşğuldur və “cəmiyyətə qoşulduqları”, ata və ər çörəyinə möhtac olmadıqları üçün xoşbəxtdirlər.
Bəli, bugünkü Pakistan kinosunda qadın azadlığı və qadına qarşı zorakılıqla mübarizə mövzusu prioritetdir. Bunu haqqında söhbət açdığım filmin Pakistan kinosunda yüksək prokata sahib olması faktı da sübut edir.
Təbii ki, belə mövzuların aktuallığı Pakistan İslam Respublikasının ictimai-siyasi həyatında qadınların çoxluq təşkil etməsinə səbəb olan bir təkan kimi dəyərləndirilməlidir.
Belə ki, həyatına Bollivudda başlayan Pakistan kinosu öz Lollivudunu yaradıb. Eyni zamanda azad aktrisalarına imkan yaradıb ki, istedadlarıyla tək Bollivuda deyil, Hollivuda qədər yol açıb parlaya bilsinlər.
Sədaqət KAMAL