Görkəmli aktyor və kinorejissor Şahmar Ələkbərovun xatirə gecəsi

Avqustun 14-də Nizami Kino Mərkəzində görkəmli kinoaktyor, rejissor, Xalq artisti Şahmar Ələkbərovun xatirə gecəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Film Fondunun və Nizami Kino Mərkəzinin birgə təşkil etdiyi tədbirin iştirakçıları əvvəlcə unudulmaz sənətkarın həyat və yaradıcılıq yolundan bəhs edən fotosərgi ilə tanış oldular.

Mərasim Şahmar Ələkbərov haqqında xatirə çarxının nümayişi ilə başlandı. Gecənin aparıcısı, Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev Azərbaycan kinosunda böyük iz qoymuş Şahmar Ələkbərovun yaradıcılığından, milli kinematoqrafiyamıza töhfələrindən söz açdı: “Bu gün elə bir dövrdə yaşayırıq ki, gözlərimiz önündə hər şey sürətlə dəyişir. Bununla bərabər cəmiyyətin mədəni irsə münasibəti də dəyişir. Dünyasını dəyişən sənətkarların sənət tarixində rolu, xidmətləri başqalaşır. Zaman ötdükcə biz onların qoyub getdiyi irsin qiymətini bilirik, dəyərini hiss edirik. Şahmar Ələkbərov dünyadan vaxtsız köçən misilsiz sənətkarlardan biridir. O, istedadının çiçəkləndiyi bir dövrdə bu dünyaya əlvida dedi”.
Qeyd olundu ki, bu gün kinomuzda Şahmar Ələkbərovun yeri görünür: “Bizi bu gün onun çəkmədiyi və çəkilmədiyi filmlər əhatə edir. Bəzən hər hansı yeni çəkilən bir filmə baxanda düşünürük ki, bu obrazı Şahmar Ələkbərov gözəl yaradardı. Şahmar Azərbaycan ekranına yeni tip qəhrəman gətirdi. Həmin dövrdə onun qəhrəmanlarına baxanda bilirdik ki, o əyilməyəcək. Bu onun obrazı idi. O, üsyankar idi. Təsadüfi deyil ki, məhz Qatır Məmməd obrazını Şahmara həvalə etmişdilər. Onun müstəntiqi də, adi kəndlisi də çox fərqlənirdi. Rejissor kimi də əvəzsiz idi. Aktyorluqdan rejissorluğa keçidi ilə sənət aləmini təəccübləndirə bildi”.
Sonra söz Xalq artisti Əminə Yusifqızına verildi. O, Şahmar Ələkbərovla bağlı xatirələrini dilə gətirdi. “Azərbaycanfilm” kinostudiyasında birgə çalışdıqları illəri xatırlayaraq, mərhum sənətkarın keşməkeşli həyat yolundan unudulmaz anları tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar artist Elxan Qasımov, Əməkdar incəsənət xadimi Ənvər Əbluc, Xalq artisti Nuriyyə Əhmədova və digərləri Şahmar Ələkbərovun Azərbaycan mədəniyyətində, kino sənəti tarixində yerindən, aktyorluq xüsusiyyətlərindən, rejissorluq fəaliyyətindən danışdılar, onunla bağlı xatirələrini bölüşdülər, ömür yoluna bir daha nəzər saldılar.
Bildirildi ki, Şahmar Zülfüqar oğlu Ələkbərov 1943-cü il avqustun 25-də Gəncədə anadan olub. İndiki Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Sonralar təhsil ocağında aktyor sənətindən dərs deyib.
Bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışan, maraqlı obrazlar yaradan aktyor ilk dəfə 1967-ci ildən kinoya çəkilib. Ekranda ilk rolu “Dağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Kino sənətimizə misilsiz töhfələr verən aktyor otuza yaxın filmdə irili-xırdalı rollar ifa edib. “Mən ki gözəl deyildim”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb. Yaratdığı rollarla yanaşı, ekran əsərlərinin dublyajında iştirak edib, bənzərsiz səsi ilə bir çox kino qəhrəmanlarını tamaşaçılara sevdirib.
Şahmar Ələkbərov bacarıq və istedadını rejissorluq sahəsində də sınayıb. O, ilk olaraq rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib. Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir.
Tədbirdə Şahmar Ələkbərovun çəkildiyi, həmçinin rejissor kimi quruluş verdiyi filmlərdən fraqmentlər göstərildi.
Xatirə gecəsində görkəmli aktyorun ailə üzvləri də iştirak edirdilər. Tədbirin sonunda Şahmar Ələkbərovun kürəkəni, Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov çıxış edərək xatirə gecəsinin təşkilatçılarına ailə üzvləri adından dərin təşəkkürünü bildirdi.

Lalə Azəri