Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü, UNESCO-nun himayəsi ilə Qaşqadərya vilayətinin mərkəzi Termez şəhərində keçirilən Beynəlxalq Baxşi (aşıq) sənəti festivalı başa çatıb.
Festivala dünyanın 70-dən çox ölkəsindən baxşi, aşıq, akın və ozanlar, həmçinin folklorçu alimlər, müxtəlif xalqların folklor ansamblları qatılıb.
Özbəkistanda ilk dəfə keçirilən festivalda ölkəmizi şair, publisist Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı Əli Şamil və “Aşiqlər” qrupunun üzvləri aşıq Samirə Əliyeva və aşıq Əli Quliyev təmsil ediblər. Festivalın açılışında ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iştirak ediblər.
Festival çərçivəsində aşıqlarımızın çıxışları alqışlarla qarşılanıb. Birinci yeri Özbəkistanın baxşi ustaları tutub. “Aşiqlər” qrupunun üzvləri aşıq Samirə Əliyeva və aşıq Əli Quliyevin “Koroğlu” dastanı əsasında hazırladıqları duet ikinci mükafata layiq görülüb. Onlara diplomlar və pul mükafatı təqdim olunub. Üçüncü yeri isə Koreya sənətçiləri tutublar.
Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı Beynəlxalq elmi-praktik konfrans da keçirilib.