Festivalda ölkəmizi Akademik Milli Dram Teatrı təmsil edəcək

Aprelin 22-dən 29-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında Beynəlxalq milli teatrlar festivalı keçiriləcək. Bu, Dağıstanda ilk dəfə keçirilən Xəzəryanı ölkələrin teatr festivalıdır.

Rusiya Mədəniyyət Nazirliyi, Dağıstan Teatr Xadimləri İttifaqı və Mahaçqaladakı M.Qorki adına Dövlət Rus Dram Teatrının birgə layihəsi üzrə gerçəkləşən festivala Rusiya, Azərbaycan və Qazaxıstanın ümumilikdə 18 teatrı qatılacaq.

Festivalda ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Ölülər” tamaşası ilə təmsil edəcək.

Festival çərçivəsində tamaşalar respublikanın üç şəhərində - Dərbənd, İzberbaş və Mahaçqalada göstəriləcək.

Festivalın ilk tamaşası Tatarıstandan Tukay adına Atnin Dövlət Dram Teatrının “İtirilən gün”, son nümayişi isə aprelin 29-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının “Ölülər” əsəri olacaq.

Festivalda “Ən yaxşı tamaşa”, “Ən yaxşı monotamaşa”, “Ən yaxşı rejissor işi”, “Ən yaxşı qadın rolu”, “Ən yaxşı kişi rolu” və s. nominasiyalar üzrə mükafatlar təqdim olunacaq.

Həmçinin teatr tənqidçilərinin iştirakı ilə diskussiya və dəyirmi masalar, ustad dərsləri və yaradıcılıq görüşləri təşkil olunacaq.