İlıq aprel axşamı. Bu axşam Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında ötən əsrin təbəddülatlarını adlayan, II Dünya müharibəsindən çıxan idealist, maksimalist, bu günün pəncərəsindən çürük görünən marksist-leninçi ideyalı gənclərin elegiyası oxunacaq.
Xəbər verdiyimiz kimi, artıq bir neçə gündür ki, günəşli şəhərə Şimal qonşumuzdan xeyli qonaq – teatr, kino təmsilçiləri təşrif gətirib. Nə xoş. Çünki əsl sənət olan yerdə ən gözəl ünsiyyət, ən mükəmməl dialoq yaranacaq. Elə yarandı da...
Aprelin 10-da “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində növbəti tədbir Gənc Tamaşaçılar Teatrında reallaşdı. Teatrsevərlərə rus-sovet dramaturqu, ssenarist və şairi, Dövlət mükafatı laureatı Aleksandr Volodinin (1919-2001) pyesi əsasında səhnələşdirilmiş “Beş axşam” tamaşası təqdim olundu.
Nümayişdən öncə səhnəyə qalxan tamaşanın quruluş müəllifi, tanınmış kinorejissor, ssenarist, Rusiyanın Xalq artisti, S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professoru Vladimir Fokin hər kəsi sevgi ilə salamladı. Bakıda olmağın, sənətə vurğun tamaşaçılar qarşısında çıxış etməyin gözəl hiss olmasından danışdı. Çağdaş insanın sürətli texnoloji vasitələrin içində kinoya, teatra, canlı sənətə, insan hislərindən yoğrulan yaradıcı məhsullara marağının azalmadığına sevindiyini dedi. Əlavə etdi ki, səhnələşdirdikləri tamaşa mövzu olaraq onu canlandıracaq gənclər, elə ona tamaşa edənlər üçün arxaik, ekssentrik görünsə də, o və ondan öncəki nəslin taleyi kimi baxıldıqda yenə də çağdaşdır. Çünki səhnədəki qəhrəmanlar ideallar, prinsiplər, fərqli baxışlar, ətraf meyillərə nüfuz ucbatından səadətini itirmiş insanlardır ki, bu gün də o taleyə məhkum adamlar çoxdur və xoşbəxt ola bilməməklərinin səbəblərini tapa bilmirlər.
Rejissor ultramüasir gənclərin təqdim etdiyi tamaşasının musiqi tərtibatı barədə də söz açdı. Bildirdi ki, Aleksandr Volodinin 100 illik yubileyində ÜDKİ-nin buraxılış kursunun təqdim etdiyi “Beş axşam” tamaşası onun rəhbərliyi altında institutun məzunlarının hazırladığı 6 diplom işindən biridir.
Qonaq onu da vurğuladı ki, institutun tələbələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindəki həmyaşıdları ilə ümumi dil tapıblar və bu onu göstərir ki, Azərbaycanla Rusiya arasında mədəni əlaqələr gələcəkdə də genişlənəcək və inkişaf edəcək.
Nikbin çıxışın ardınca ötən əsrin 50-ci illərinin sonlarında yazılan və Rusiyada fərqli teatrlarda səhnə həyatı yaşayan, bədii film kimi də ekranlaşdırılan “Beş axşam”a tamaşa etdik.
İlk olaraq iki gənc səhnəyə çıxaraq bu gün nostalgiyaya çevrilən və qəribə səslənən sovet müzikli janrı nümunəsini canlandırmağa çalışdılar. Bu və ümumilikdə tamaşa boyu səslənən solo və vokal nümunələri, qrup oxumaları (xüsusən mahnıların mətnləri) canlı və maraqlı alınmışdı. Tələbələr klassik estrada janrı nümayəndələrinin bəstələrini dinamik polifoniyada çatdırmağa çalışdılar.
Hekayə çox sadə idi. Müharibədən sonrakı sovet gəncinin həyatı. İki gənc bir-birini böyük məhəbbətlə sevdikləri halda ayrı düşürlər. Həddən artıq tələbkar və idealist Tamara (Marina Lebedova) K.Marksın arzuladığı gənc kimi bacardığının ən yaxşısını etmək üçün Texniki İnstitutdan çıxan sevgilisindən ayrılır. Ondan fərqli olaraq ilk məhəbbəti İlin (Kirill Novışev) daha azaddır. Sevgilisinin arzuladığı kimi baş mühəndis ola bilməsə də, xoşbəxtdir. Uzaq əyalətdə sürücü işləyir və 17 ildən sonra şəhərə ezamiyyətə gəlib. Heç bir tələbi olmayan Zoya (Anastasiya Şukeviç) ilə sevgilidir. Durmadan papirosuna qullab vura-vura yeni sevgisinə köhnə-təzə məhəbbətindən danışır. Qadın amansız etirafları qısqanclıqla qarşılayır. Sarkazmını işə salaraq onu ilk məhəbbətinə qayıtmağa həvəsləndirir. Ruhən azad İlin də düşünmədən Tamaranın qapısında dayanır. Ailə qurmayan bu qadın həyatını blokadada ölmüş bacısının oğlu Slavaya (Yevgeni Nevar) həsr edib. Keçmişi qarşısındadır və bu gün də illər öncə etdiyi təklifi təkrarlayır: gəl, hər şeyi atıb qaçaq, ən uzaq yerə, ən nəhayətsiz arzulara. Yox deyə bilməz. Çünki son şansıdır. Slava və sevgilisi Katya (İrina Rura) da öz dünyalarında yaşayan gənclərdir. Onlar Tamara kimi arzularının üzərindən xətt çəkmək istəmirlər. Deməli Tamaraya həm də yaxşı dərs verirlər: sevginin arxasınca getməmək sənin uğursuzluğundur, fədakarlığın yox.
Tamaşada baş mühəndis Timofeyev (Adam Nexay) də var və bu üçbucağın üçüncü tərəfi olmaq xoşuna gəlir.
Qəhrəmanlar hərəsi bir arzu ilə yaşayır: xoşbəxt olmaq. Kim ilə və necə olacağını isə düşünmürlər. Sadəcə, lənətə gəlmiş amallar, idealizə edilən cəmiyyət fərdi olmaq, ən azından təminatlı gələcək üçün mütləq çox düşünüb-daşınmalıdırlar.
Amma nəticə üçün hər şeyi əlinin kənarı ilə itələyib işığa tərəf qaçmalısan. “Nə də olsa, həyat zalımdır. Birini sındırır, digərini əzir” – bu sözləri Slavik deyir. Əlbəttə ki, həyat zalımdır, amma insanın həyatdan daha yaxşı heç nəyi də yoxdur. Məsələ yalnız onun necə sərf edilməsindədir. Elə buna görə də Slavik körpə ikən müharibəni, hətta blokada həyatını yaşayıb, amma öz taleyi müqabilində onu bu həyatda saxlayan xalasını anlaya bilmir, anlamaq da istəmir.
Elə yaxşı ki, anlamır. Onun üsyanları olmasaydı, 17 illik həsrət vüsal ilə bitməz, Tamara illər əvvəl səhv etdiyini anlamazdı. Bu gün sevinclə üstündə gəzdirdiyi sürücülük vəsiqəsini ona göstərib “Toma, əla dərəcəli sürücüyəm, səninlə ən uzaqlara qədər gedə bilərəm. Sənə çox şey vəd etmirəm, amma yenidən itirmək də istəmirəm. Baş mühəndis olmasam da, sənə həyatdan baş açmağı bacarıram” deyən adama qoşulub getməzdi.
Rejissorun dediyi kimi, burada məqsəd müəllifin pyesini “mükəmməlləşdirmək” yox, onun dərinliklərinə qədər enib mənasına çatmaq, gənc aktyorlara öz personajlarını mum muzeyinin fiqurları kimi deyil, diri insanlar qismində görməyə yardımçı olmaq idi. Məncə, bu məqsədə nail olundu. Tamaşaçı çağdaş dövrün sürətli beyinlərinin klassik quruluş həlli və eyniyyət prinsipli insanlarının yaşantılarını görə bildi.
Gənclər əsas ideyanı – sevgi insana bəxş edilən və ona müharibənin dəhşətindən, blokadanın cəhənnəmindən, Stalin repressiyalarının qarabasmasından keçmək və insan olaraq qalmaq üçün güc verən nəsnədir – çatdırmağa çalışdılar.
Nəticədə nostalgiyadakı orta nəsil, bu gün “o vaxtın adamları” deyən gənclər, səhnədəki gənc həmkarlarını görən yeni nəsil tələbə-aktyorlar və Fokinin quruluş həllinə tamaşa edən rejissorlarımız qonaqlara olan sevgi və təşəkkürlərini alqışlarla bildirdilər.
Həmidə NİZAMİQIZI