Bu il “İMAGİNE” Avropa Tolerantlıq Festivalı ilk dəfə Gəncə şəhərində təşkil olunacaq. Festival bizi bir araya gətirən məsələləri müzakirə etməyə və anlamağa imkan verir.
Bu fikirləri Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda 3-cü “İMAGİNE” festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib. Qeyd edilib ki, sayca üçüncü “İMAGİNE” tolerantlıq və mədəni müxtəliflik festivalı mayın 1-dən 15-dək keçiriləcək. Festival günlərində müxtəlif tədbirlər – konsertlər, sərgilər, kino nümayişləri təşkil ediləcək.
Bildirilib ki, festival Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi, Avropa İttifaqına üzv ölkələrin və Argentina, Meksika, Kolumbiya, Moldova, İsrail səfirliklərinin “United Cultures” ilə əməkdaşlığı çərçivəsində reallaşacaq.
Mədəniyyət Nazirliyinin sektor müdiri Ramil Abbakirov qeyd edib ki, mayın ilk günlərində Bakıda 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək və bir çox qonaqların “İMAGİNE” festivalında iştirakı da gözlənilir.
Festivalın tərəfdaşlarından biri olmaqdan qürur duyduqlarını bildirən Birləşmiş Mədəniyyətlər Təşkilatının icraçı direktoru Paola Casagrande qeyd edib ki, bizim 9 qonağımız olacaq. Onlar Gəncədə, Nizami kinoteatrında, “Salaam Cinema”da, Azərbaycan Dillər Universitetində və bir sıra yerlərdə tədbirlər keçirəcək.
Bildirilib ki, festivalın ilk günü, mayın 1-də İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində fotoqraf Nikola Landemardın fotosərgisi açılacaq. Onun sərgisi müxtəlifliyə həsr olunub və üç mövzunu əhatə edir: Avropa siyasətçiləri, Fransa teatrında qaçqınların çıxışı və Brüsseldə yerləşən Avropa məhəllələri.
Festivalın digər qonaqlarından biri də saksofonçu Marselo Monkadadır. O, “İçərişəhər” metro stansiyasında insanların əhatəsində çıxış edəcək.
İspaniyadan gitaraçı El Amir, portuqaliyalı qadın müğənni Maqda Mendes, kinorejissor Robert Rombout da festivalın qonaqları sırasındadır. R.Rombout festival çərçivəsində ABŞ şəhərlərindən bəhs edən filmini də nümayiş etdirəcək. Paavo Vesterberq adlı Finlandiyadan olan kinorejissor Mədəniyyət və İncəsənət Universitetində ustad dərsləri keçəcək.