Çingiz Abdullayevin romanı əsasında yeni film çəkiləcək

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yeni filmin çəkilişlərinə hazırlıq işləri davam edir.
Tanınmış kinorejissor Yavər Rzayevin bildirdiyinə görə, hələlik şərti adı “Xeyir ilə Şərin rəqsi” olan bədii film dünya şöhrətli yazıçı Çingiz Abdullayevin “Quba kapriççiosu” romanının motivləri əsasında çəkiləcək. Filmin ssenarisi Çingiz Abdullayev və Yavər Rzayevə məxsusdur. Rejissor qeyd edib ki, filmdə Dronqo obrazına məşhur fransız aktyoru Jan Renonun çəkilməsini istəyirik: “Filmin ssenarisini Jan Renoya göndərmişik. Onun cavabı ssenari ilə tanışlıqdan sonra məlum olacaq. 2002-ci ildə çəkilən “Dronqo” adlı filmdə baş rolu tanınmış aktyor İvar Kalnınış ifa etmişdi. Mənim təsəvvürümdə olan Dronqo isə başqadır. Mən Dronqo obrazının tipini Jan Reno kimi aktyorda görürəm. Bundan əlavə, filmdə Xalq artisti Şükufə Yusupova, əməkdar artistlər Qurban İsmayılov, Fuad Osmanov, Münəvvər Əliyeva və başqaları çəkiləcəklər”.
Qeyd edək ki, Çingiz Abdullayevin “Quba kapriççiosu” əsərində tanınmış ekspert-kriminalist Dronqo Quba yəhudisi, zərgər Semyon İzmaylova məxsus itmiş “Şah Abbas” almazının axtarışlarına çıxarkən qətl hadisələrini də açmaq məcburiyyətində qalır...
Maraqlı süjet xəttinin nəzərdə tutulduğu filmin çəkilişlərinə oktyabr-noyabr aylarında başlanılacaq. Filmin bəstəkarı Siyavuş Kərimi, operatoru Nadir Mehdiyevdir.

Lalə Azəri