Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “Buta Films” şirkətinin birgə istehsal etdiyi “Sonuncu” qısametrajlı bədii filmi avqustun 22-dən 24-dək Rusiyanın Kalininqrad şəhərində keçirilən “Koroçe” (“Qısa”) kinofestivalında iştirak edib.
Qısametrajlı filmlərin nümayiş olunduğu festivalın proqramında Rusiya, Yunanıstan, Böyük Britaniya, İran, Hindistan, İspaniya, ABŞ, Kanada, Moldova, İspaniya, Niderland və s. ölkələrdən ekran əsərləri yer alıb.
Xatırladaq ki, “Sonuncu” bu ilin mayında Fransanın Kann şəhərində keçirilən beynəlxalq kinofestivalda qısa filmlər üzrə müsabiqə proqramına daxil edilmişdi.
Film II Dünya müharibəsi veteranının həyatından bəhs edir. Quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, operatoru Denis Madışev, rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.