Argentinanın ölkəmizdəki yeni səfiri Sergio Perez Gunella və mədəniyyət məsələləri üzrə katibi Eduardo Raul Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.
Görüş zamanı Azərbaycan-Argentina ədəbi əlaqələri istiqamətində ərsəyə gətirilmiş nəşr layihələrindən, səfirliyin müraciəti ilə mərkəz tərəfindən Azərbaycan dilinə tərcümə və çap edilmiş “Morelin ixtirası” (Adolf Bio Kasares), “Dailan Kifki” (Mariya Elena Uolş), “Bir damcı bəxt” (Klaudia Pineiro) kitablarından söz açılıb. Argentina ədəbiyyatının Azərbaycan oxucusuna, Azərbaycan ədəbiyyatının Latın Amerikası ölkələrinə tanıdılması istiqamətində perspektiv layihələr müzakirə edilib.
Sergio Perez Gunella Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ədəbiyyatlararası mübadilələr sahəsində gördüyü işləri təqdir edərək əməkdaşlığı yeni layihələrlə davam etdirmək niyyətində olduqlarını deyib.
Görüşün sonunda qonağa Argentina yazıçı və şairlərinin əsərləri dərc edilən “Xəzər” jurnalının nüsxələri hədiyyə edilib.