Böyük ədibin yüz yaşlı əsəri ilk dəfə Türkiyə səhnəsində tamaşaya qoyulub
İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının (İstanbul Şəhər Teatrları) Harbiyə Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “İblis” pyesi tamaşaya qoyulub. Aprelin 17-də tamaşanın premyerası keçirilib.
Səhnə əsəri İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini Məlahət Abbasova, əsərin mətnini müasir türk dilinə uyğunlaşdıran dramaturq Hilmi Zəfər Şahin, baş məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, şairə-publisist Sona Vəliyevadır. Tamaşanın musiqisini Azərbaycanın Xalq artisti, bəstəkar Aygün Səmədzadə yazıb. Səhnə əsərinin hazırlanmasına İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır tərəfindən dəstək verilib.
Böyük ədibin məşhur əsərinin İstanbul səhnəsində ilk nümayişini Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin İstanbuldakı baş konsulu Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları, türkiyəli və azərbaycanlı sənət adamları, ziyalılar, media nümayəndələri, çoxsaylı teatrsevərlər izləyib.
Qeyd edək ki, 600 nəfərlik tamaşaçı tutumu olan Harbiyə Muhsin Ərtuğrul İstanbul Şəhər Teatrlarının (cəmisi 12 səhnəsi var) ən böyük məkanlarından biridir.
Tamaşada baş rolları Türkiyənin tanınmış aktyorları Rıdvan Çələbi, Əmrə Narcı, İskəndər Bağcılar, Şenay Bağ, Nurseli Tırışkan və Çağatay Palabıyık oynayırlar.
Səhnə əsərində “Maping” 3D işıq cihazlarından istifadə edilib. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğu tamaşaya xüsusi görkəm verib.
Premyeradan sonra çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev, tamaşanın quruluşçu rejissoru Məlahət Abbasova, baş məsləhətçisi Sona Vəliyeva Hüseyn Cavid kimi dahi bir ədibi türk, eləcə də dünya tamaşaçısına tanıtmağın vacibliyini qeyd ediblər. Bildirilib ki, “İblis” Cavid dramaturgiyasının şah əsəridir. Əsər bir əsr öncə yazılmasına baxmayaraq, mövzu bu gün də aktuallığını qoruyur və təəssüf ki, müasir həyatımızda davam edən qarşıdurmaları özündə əks etdirir.
Çıxışlarda Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri ilə yanaşı, mədəni əlaqələrin də sıx olduğu vurğulanıb. Əsərin Türkiyənin ən böyük səhnələrindən birində tamaşaya qoyulması yüksək qiymətləndirilib.
Hüseyn Cavid “İblis” mənzum faciənin 1918-ci ildə yazıb. Əsərdə hadisələr Birinci Dünya müharibəsi zamanı cərəyan edir. Müəllif əsərdə insanların necə qanlar tökdüyünü, necə acımasız olduğunu və iblisə uyduqlarını əks etdirib.
Pyes ilk dəfə 1920-ci ildə Azərbaycan Dövlət Teatrında Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulub, rejissor baş rolu özü oynayıb. Daha sonra Aleksandr İvanov (1922) və Aleksandr Tuqanov (1926) tərəfindən səhnələşdirilib. Populyarlıq qazanan əsər özbək dilinə tərcümə olunub və 1923-cü ildə tamaşaya qoyulub. Hüseyn Cavidin repressiya olunmasından sonra, onun bir çox əsərləri kimi, “İblis” də uzun illər səhnədən kənarda qalıb. 1983-cü ildə görkəmli rejissor Mehdi Məmmədovun quruluşunda Dövlət Akademik Dram Teatrında səhnələşdirilib.