Mədəniyyət Nazirliyinin “Azərbaycan xalq yaradıcılığının 2019-2023-cü illər üzrə inkişafına dair Strateji Fəaliyyət Planı”nda xalq teatrlarının əhalinin estetik zövqünün formalaşdırılması və asudə vaxtının səmərəli təşkilində rolunun artırılması üçün festival, müsabiqə və digər tədbirlərin təşkili nəzərdə tutulub.
Plana əsasən, III Respublika Xalq Teatrları Festivalına start verilib və regionlarda seçim mərhələləri keçirilir.
Festivalın növbəti seçim mərhələsi Tovuz rayonunda təşkil olunub. Bu mərhələdə Ağstafa və Şəmkir regional mədəniyyət idarələrinin tabeliyindəki mədəniyyət mərkəzləri, evləri və klublarında fəaliyyət göstərən xalq teatrı kollektivləri iştirak edib.
Tovuz rayon Mədəniyyət Mərkəzinin Xalq teatrı “Xoşbəxtlər” tamaşası ilə çıxış edib. Tamaşa münsiflər heyəti və izləyicilər tərəfindən maraqla qarşılanıb.
Daha sonra Şəmkir rayon Mədəniyyət Mərkəzinin mədəniyyət studiyası tərəfindən Xocalı soyqırımı mövzusunda hazırlanmış “Qara nağıl” kompozisiyası nümayiş etdirilib.
Festivalın seçim mərhələsi çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrdə fəaliyyət göstərən xalq yaradıcılığı dərnəkləri, birlikləri və digər kollektivlərə baxış keçirilib. Tovuz rayon Mədəniyyət Mərkəzinin “Xədicə” rəqs ansamblı, saz və gitara dərnəklərinin üzvləri, Ağstafa rayon Mədəniyyət Mərkəzinin ”Dastan” aşıqlar ansamblı, Qazax rayon Mədəniyyət Mərkəzinin “Göyəzən” nəfəs alətləri ansamblı maraqlı proqramla çıxış edib.
III Respublika Xalq Teatrları FestivalınınTovuzdakı seçim mərhələsi çərçivəsində peşəkar rejissor, aktyorlar tərəfindən xalq teatrlarında ustad dərsləri də keçirilib. Həmçinin festival ərəfəsində oynanılan tamaşalarda görülən kiçik qüsurların düzəldilməsi üçün tövsiyələr verilib. Ustad dərslərində iştirak edən xalq teatrlarının kollektivləri göstərilən diqqətə, onların potensialının üzə çıxarılması üçün təşkil edilən festivala, həmçinin ustad dərslərinə görə təşəkkürlərini bildiriblər.