Lerik Rayon Mədəniyyət Mərkəzində Lənkəran Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyevin 70 illiyi qeyd olunub.
Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, İranın Ərdəbil vilayəti Mədəniyyət baş idarəsinin rəis müavini Qərib Mənuçehri və başqaları Qabil Quliyevi 70 illik yubileyi münasibətilə təbrik edərək, onun Azərbaycan teatrının inkişafına verdiyi töhfələrdən danışıblar.
Yubilyara rayon İcra Hakimiyyəti, rayonun ayrı-ayrı təşkilatları tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Sonra teatrın aktyorları Üzeyir Hacıbəylinin əsərləri əsasında mərhum rejissor, Əməkdar incəsənət xadimi Baba Rzayevin quruluş verdiyi “Olanlardan-keçənlərdən” tamaşasını təqdim ediblər. Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Adil Zeynalov və Sucəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Qızılgül Quliyeva, Əlibala Əsgərov, Emin Fərzullayev, Hikmət Cəfərov, Rauf Zeynalov və Nizami Qurbanov canlandırıblar.
Qeyd edək ki, yubilyar aktyorun iştirak etdiyi “Olanlardan-keçənlərdən” tamaşasının premyerası 1985-ci il martın 28-də olub. Teatrın repertuarında sevilərək baxılan bu tamaşanın videoyazısı Azərbaycan Televiziyasının “qızıl fondu”nda saxlanılır.