Bakı Kitab Mərkəzində 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş tədbir keçirilib. Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva əlamətdar gün münasibətilə bütün kitabsevərləri təbrik edib. Bildirib ki, bu gün Azərbaycanda da hər il silsilə tədbirlərlə qeyd olunur və ötən il fəaliyyətə başlayan Bakı Kitab Mərkəzi ilk dəfə belə bir tədbirə ev sahibliyi edir.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov Dünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və mahiyyəti barədə məlumat verib. Bildirib ki, bu gün 1995-ci ildə UNESCO-nun Baş Konfransında qəbul edilmiş qərarla təsdiqlənib, 1996-cı ildən dünyada, 1997-ci ildən isə Azərbaycanda qeyd olunur. Kitab günü kimi 23 aprel tarixinin seçilməsi təsadüfi deyil. Həmin gün dünya ədəbiyyatında simvolik tarix hesab olunur. Belə ki, 23 aprel Vilyam Şekspir, Migel de Servantes kimi dünya şöhrətli yazıçıların ölüm günüdür.
Vurğulanıb ki, Azərbaycanda kitab irsinin və ənənələrinin qorunmasına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli sərəncamına əsasən, dünya ədəbiyyatının nümunələri ana dilimizdə nəşr edilib. Həmçinin, Azərbaycan ədəbiyyatının nümunələri tərcümə olunaraq beynəlxalq kitab sərgilərində yüksək mükafata layiq görülüb.
Sonda E.Sultanov Heydər Əliyev Fondu, UNESCO üzrə Milli Komissiya və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə hazırlanan “Azərbaycan sərvətləri” kitabını və Milli Komissiyanın loqosu olan suveniri Bakı Kitab Mərkəzinə təqdim edib.
Əqli Mülkiyyət Agentliyinin Aparat rəhbəri Natiq İsayev, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu və Miniatür Kitab Muzeyinin təsisçisi, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova çıxış edərək Dünya Kitab və Müəlliflik Hüququ Gününün əhəmiyyətindən söz açıblar.