XX əsr Azərbaycan ədəbiyyatında romantizmin ədəbi cərəyan kimi yaranması və inkişafında şair Məhəmməd Hadinin böyük rolu olub. O, istedadını başdan-başa xəlqilik və millilik ideyalarına  həsr edib, əsərlərində maarif və mədəniyyətin təbliğinə geniş yer ayırıb.

Araşdırmalarda da qeyd edilir ki, Azərbaycanda bu ədəbi cərəyan Hadinin poeziyası ilə təşəkkül tapıb. Onun 1906-cı ildə yazdığı “Nəğmeyi-əhraranə” (“Hürriyyət nəğməsi”)  əsəri “azad romantizm”ə proloq hesab edilir. Dövrünün gerçək eybəcərlikləri ilə barışmayan şair istismarçı cəmiyyətə etiraz olaraq “Həqiqət acımı, dadlımı” şeirində yazır:

Zülmün küləyi əsdi də soldurdu yanağın,
Eyvah ki, pamalü xəzan oldu da bağın.
Şahbaz kimi, söyləməm ülviyyətimiz yox,
Kiçik kəpənəkcə belə hürriyyətimiz yox.

Məhəmməd Hadinin dolğun yaradıcılıq fəaliyyəti ölkədə maarifçilik ideyalarının özünü doğrultmadığı, ziyalılığın bir addım geri çəkildiyi bir dönəmə təsadüf edir. I Dünya müharibəsinin yaratdığı çətinliklər, insanlığa qarşı amansız qərarlar onun yaradıcılığına təsirsiz qalmır. Əsərlərində milli varlığın ümidsiz durumu geniş əksini tapır. Şairin romantik poeziyasında “Yox, millətimin imzası bu imzalar içində” kimi milli hiss bütün istəklərin fövqündə durur...

Məhəmməd Əbdülsəlim oğlu Hadi 1879-cu ildə Şamaxı şəhərində tacir ailəsində dünyaya göz açıb. İlk təhsilini məhəllə mədrəsəsində alıb. Doqquz yaşında atasını itirən Məhəmməd sonra anasından da ayrı düşür. Nənəsi Teyyibə xanım ona və bacıları Sahibə ilə Əsmaya dayaq olur. Yeganə oğul nəvəsini bilikli, savadlı görmək istəyir. 1894-cü ildə Teyyibə xanım dünyasını dəyişdikdən sonra uşaqlar yaxın qohumların himayəsində qalırlar...

Məhəmməd Hadi dünyaya açıq gözlə baxan, müasir elmlərə yiyələnən ziyalı kimi yetişmək arzusu ilə yaşayır. İstanbul və Qahirə kimi mədəniyyət mərkəzlərində təhsil almaq istəyir. Bu məqsədlə bir çox varlı qohumlarına müraciət edir, lakin ona kömək edən olmur.

Şamaxıda baş verən zəlzələdən (1902) sonra Məhəmməd Kürdəmirə köçür. Dostlarının təklifi ilə məktəbdə dərs deməyə başlayır. 1907-ci ildə Əli bəy Hüseynzadənin dəvəti ilə Bakıya gəlir. “Füyuzat” jurnalında işə düzəlir. Onun yaradıcılıq istiqamətinin möhkəmlənməsində, aşıb-daşan istedadının cilalanmasında “Füyuzat”ın böyük rolu olur. Şeir, məqalə və tərcümələri jurnalda dərc edilir. Ancaq qısa müddətdə jurnal bağlanır. Bu, şairin əhval-ruhiyyəsinə çox pis təsir göstərir. 1908-ci ildə vətənpərvər milyonçu Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə şairin “Firdövsi-ilhamat” adlı ilk kitabı nəşr olunur.

Hadi bir müddət işsiz qalır, maddi sıxıntı keçirir. 1914-cü ildə yazdığı və qələm yoldaşlarına ithaf etdiyi “Zamanın məzhəkələrindən” şeirində düçar olduğu acınacaqlı maddi durumdan “ilhamının qəlp pula dönməsindən”, qələm yoldaşları olan şairlərin sərsəri vəziyyətə düşdüklərindən acı-acı şikayət edir.

Akademik Bəkir Nəbiyev şairin yaradıcılığından bəhs edərkən yazır: “Hadi ölümündən sonra da olsa, böyük şair kimi öz obyektiv qiymətini alacağına əmin olub. “Ümid həyatın ruhudur” şeirində Hadinin istifadə etdiyi çox maraqlı bir təşbehə heç cürə laqeyd qalmaq mümkün deyil. “Bəxtim kimi olsun kəfənim, yəni siyəhnak”... Hadi bir növ vəsiyyət edir ki, onun kəfəni üçün qara parçadan istifadə olunsun; çünki bu rəng şairin qara bəxtinin rəmzidir... Lakin bu qara bəxtin, qara rəmzin özünün də axırında şair bir işıq, bir aydınlıq görüb...”.

Hadi 1910-cu ilin baharında İstanbula gedir. “Tənin” qəzeti redaksiyasında Şərq dilləri üzrə tərcüməçi işləyir. Türk poeziyasında azadlıq carçıları kimi tanınan Tofiq Fikrət və Rza Tofiqlə dostluq əlaqələri qurur. Ölkədəki irtica əleyhinə “Rübab”, “Sərvəti-fünun”, “Sabah” qəzetlərində fəal çıxışlar edir. 1913-cü ildə fars dilinə tərcümə olunan “Fünun və maarif” şeirinə görə təqib edilir. Bu zaman Osmanlının hərbi naziri Mahmud Şövkət paşaya sui-qəsd olur. Nəzarətdə olan Hadi “Rusiyadan göndərilmiş təxribatçı” kimi Salonik şəhərinə (Yunanıstan) sürgün olunur. Şair burada bazarda çalışır və bir parça çörək üçün qəpik-quruş qazanır. Yunan polisi də Hadidən “Türkiyənin casusu” kimi şübhələnir. O, Azərbaycan şairi olduğunu heç kəsə inandıra bilmir. Hadini gəmiyə mindirib Yunanıstandan təcili xaric edirlər. Gəmidə onu Mərmərə dənizinə atıb öldürmək istəyirlər. Təsadüf nəticəsində xilas olur. Çox çətinliklə İstanbula, oradan da Batuma və nəhayət, 1914-cü ilin fevralında Bakıya qayıdır.

1914-cü ilin sonunda şairin qürbət həyatının ikinci dövrü başlanır. Dünya müharibəsi artıq bir neçə aydır başlamışdı. Hadi cəbhəyə göndərilən müsəlman diviziyasının ruhanisi kimi Azərbaycanı tərk edir. “Meydani-hərb xatirələrimdən”, “Ulduzlu bir gecədə müharibə tamaşası...”, “Qış günlərində odlu fəğanlar” adlı şeirlərində azadlıq arzularından bəhs edir. “Qürbət ellərdə yadi-vətən” şeirində yazır:

Qürbət ellər əgərçi oldu yerim,
Sənə aid bütün düşüncələrim.
Ey məni bəsləyən çəmənzarım,
Ey xəyali-rəfiqi-əfkarım.
Məni şair doğan anam səndə,
Əbədiyyət məzarı sinəndə.
Çox uzaq olsa da bu tən səndən,
Könlüm ayrılmayır, vətən, səndən.

Hadi 1917-ci ildə cəbhədən Sankt-Peterburqa, oradan da Gəncəyə qayıdır. Bu arada Rusiya imperiyasının süqutu, 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin qurulması şairin romantik duyğularına qol-qanad verir. O, müstəqil Azərbaycan dövlətinə şeirlər həsr edir.

Hadinin əsərləri ən çox “Azərbaycan” qəzetində dərc olunur. Şair Cümhuriyyətinin əbədiyaşarlığına, istiqlalımızın bütün Şərq dünyasına təsirsiz ötüşməyəcəyinə inanır və “Türk nəğməsi” adlı əsərini yazır:

Qan ilə qazandıq zəfəri, verməriz əldən,
Xof eyləmədik ateşi-dehhase duveldən.
Bir zərrə belə qorxmayırız desti-əcəldən,
İstərsə cahan çevrilə tərsinə təməldən,
Türkün üzü çevrilməyəcək səmti əməldən.

Lakin Azərbaycan ədəbiyyatında romantizmin yeni inkişaf mərhələsinə qədəm basdığı Cümhuriyyət dövrü uzun sürmür. 1920-ci ilin aprelində Azərbaycanın istiqlalı süqut edir.  Həmin il Məhəmməd Hadinin vəfatı milli ədəbiyyatımızda romantizmin də ədəbi cərəyan kimi süqutuna səbəb olur...

S.Fərəcov