Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası Sədrinin dəvəti ilə 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün aprelin 24-də bu ölkəyə işgüzar səfərə gedib.
Dövlət başçısı Çin paytaxtında bir sıra görüşlər keçirib. Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşündə iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.
Si Cinpin Azərbaycanın Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biri və “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirənlərdən olduğunu xüsusi qeyd edib: “Sizin ölkəniz Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır. Sizinlə birlikdə ortaq səylərimizlə “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasını davam etdirməyə, birgə inkişaf və firavanlıq naminə bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daim dərinləşdirməyə hazıram”.
Prezident İlham Əliyev ölkəmiz haqqında xoş sözlərə görə təşəkkür edərək “Bir kəmər, bir yol” beynəlxalq forumunun əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan lap əvvəldən bu layihəni dəstəkləyir və onu ölkəmizin də irəli sürdüyü təşəbbüslər çərçivəsində fəal irəlilədir. Prezident 2015-ci ildə Çinə səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri” haqqında anlaşma memorandumu imzalandığını da xatırladıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpin öz növbəsində “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.
Söhbət zamanı infrastruktur, logistika, energetika, turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, təhsil və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.