Azərbaycan xalq şeirinin görkəmli nümayəndələrindən olan Aşıq Şəmşir (1893-1980) Kəlbəcərdə məşhur el sənətkarı Aşıq Qurbanın ailəsində dünyaya gəlib. Aşığın atası Ağdabanlı Qurban söz, sənət tariximizin pozulmayan səhifələrində öz izi olan mötəbər el ozanlarından biri idi. Folklor tariximizdən məlumdur ki, Aşıq Ələsgərlə Ağdabanlı Qurbanın möhkəm dostluq əlaqələri olub, onların bir sıra deyişmələri bu günümüzə qədər gəlib çıxıb. Belə bir mühitdə doğulub böyüyən Aşıq Şəmşir, təbii ki, ona verilmiş ilahi istedadın və ustadlardan aldığı dərslərin sayəsində söz, sənət dünyasının korifeylərindən olmağa layiq idi.
Aşıq Şəmşir dərs aldığı ustadların varisi və ləyaqətli davamçısı olub. Onun qoşmaları, gəraylı və müxəmməsləri, təcnisləri, müxtəlif bağlamaları öz məzmununa, bədii keyfiyyətinə görə son dərəcə müasir və təravətlidir. Aşıq Şəmşir sanki köhnə dünya ilə yeni dünya arasında bir körpü idi. Hələ sovet dövründə ona Azərbaycanın Əməkdar incəsənət xadimi kimi fəxri ad verilmişdi. Aşıq Şəmşir klassik aşıq poeziyası ilə müasir şeirimizi qovuşduraraq klassik nümunələr yaradıb:
Bir kəsə qalmadı dünyanın varı,
Hanı xan, xaqanlar, getdimi, getdi.
Atanlar, tutanlar, mənəm deyənlər,
Vuranlar, yıxanlar, getdimi, getdi.
Aşıq Şəmşirin şeirində Kəlbəcər dağlarının ucalığı, çəmənlərinin genişliyi, çaylarının zümzüməsi, gül-çiçəyinin ətri duyulur. Aşıq Şəmşirin şeirlərində Azərbaycan ucalığı, Azərbaycan zirvəsi var. Bu zirvədən yurdumuzun mənzərəsi çox gözəl və cazibəli görünür. Elə bir guşəmiz, bölgəmiz, dağımız , dərəmiz yoxdur ki, Aşıq Şəmşir onun gözəlliyinə heyran qalaraq şəninə şeir qoşmasın. Aşıq Şəmşirin sinəsində vətəndaş ürəyi döyünürdü. Bütün varlığı ilə xalqına, dəlicəsinə sevdiyi Kəlbəcərinə bağlı bir insan idi. Ona hələ sağlığında «Dədə Şəmşir» deyirdilər. Belə bir ifadəni bütöv xalq hər kəsin ünvanına deməz. Bu, Aşıq Şəmşirin ləyaqətli ömrünün el arasında yaratdığı hörmətin, ehtiramın göstəricisi idi.
Ən böyük arzusu Yer üzündə sülhün, dincliyin, halallığın bərqərar olması idi. El aşığı bu fikirdə idi ki, harada doğulmasından asılı olmayaraq Yer kürəsi bütün insanların anasıdır və onu hamı sevməlidir. Nifrət bəslədiyi xüsusiyyət isə yarımçıqlıq, nadanlıq və xəyanət idi. Dədə Şəmşir belələrinə üz tutaraq yazırdı: «Dad əlindən bədəməlin, qayğısını çəkməz elin». Amma yaxşı ki, əli xeyirdə olan mərdanələr var. Yoxsa namərdlər bütün ömrü boyu dünyanı gözübağlı dolanarlar ki, bir kimsənin uğurunu, sevincini, fərəhini görməsinlər. Belə insanların paxıllığı, o qədər çox olur ki, onlar hətta öz doğmalarının da yaxşı gününə ürəkdən sevinməzlər. Məhz belələrini görmək istəməyən Aşıq Şəmşir yazırdı:
Qırmışam ayaq-başını,
Müxtəsər, atdım daşını.
Dedim, düzəldim işini,
Baxıram ki, qanqal olur.
Bu qanqallar isə yeri gələndə dil-dil ötər, öz fürsətləri çatanda lal-kara dönərlər. Həmişə qəlbində çiçək bitirən və bu gözəlliyi öz şeirlərinə gətirən Aşıq Şəmşir darıxanda yönünü dağlara tuturdu:
Dağlara aşiqəm, həm pasibanam,
Xınalı dağlarda qalır nişanam.
Atam Dəlidağdı, İstisu anam,
Nəvə olub oğlum, qızım dağlara.
Ağır ellərin bu mötəbər dədəsi dəfələrlə zirvələrin ağ qarını öpüb, buz bulaqlı yaylaqlarında saz tutub, söz deyib. Dədə Şəmşirli meydanlar o qədər bol olub ki, maraqlı söhbəti, dadlı xatirələri bugünədək yaşamaqdadır.
Aşıq Şəmşiri ilk dəfə 1973-cü ildə görmüşəm. A.M.Şərifzadə adına Aktyor evində azman sənətkarımızın anadan olmasının 80 illiyi keçirilirdi. Biz bir qrup tələbə onun sənət işığına yığışmışdıq. Fasilədə şair Məmməd Aslan bizi aşıqla tanış etdi. Dədə Şəmşirin öz əli ilə yazdığı açıqcanı bugünə kimi böyük ustaddan nişanə və xatirə kimi saxlayıram. O gün bir ömrə bəs edəcək bir mənalı gecənin şahidi olduq. Səhnədə çox aşıq saz çalıb oxudu, söz dedi. Sonda isə meydana Aşıq Şəmşir gəldi. Bizim nəsil nə Aşıq Ələsgəri görüb, nə də Ağbabanlı Qurbanı. Amma nəfəsləri, sözləri yaşayan misralar, solmayan xatirələr təsdiqləyir ki, onlar necə qüdrətli el sənətkarları olublar. Və birdən-birə bizə elə gəldi ki, səhnədə Aşıq Ələsgərin özünü gördük. Çünki Aşıq Şəmşirə qədərki ifaçıların heç biri məclisi bu dərəcədə ələ alıb təsirləndirə bilməmişdi.
80 yaşlı aşıq səhnədə tufan qopardı. Sazın simlərindən qasırğa yağırdı. Allah, o nə səs idi? O nə zəngulələr, o nə yerişlər idi? Hələ də xəyalımızdan çəkilməyib. Bir bülbül avazı var idi onun nəfəsində. Adama elə gəlirdi ki, o səsin ahəngində Kür Arazla qovuşurdu. Tutqun buludların tən ortasından Ayın gül camalı görünürdü. Düz ilqarlı aşıq sanki qocalığın əlindən təngə gələrək onun acığına meydanda arzularını dilə gətirirdi:
Çağırsan cavanlıq yetişməz hova,
Yanar cismin inan sönməz alova.
Çıxmaq üçün Dəlidağa, Murova,
Söylə görüm, varmı səndə hal, aşıq?
Aşıq Şəmşirin 1980-ci ildə çap edilmiş şeirlər kitabına baxanda görürsən ki, o dağlara saysız şəkildə təcnis, təxmis, qoşma, gəraylı həsr edib. Dağlardan yazdıqlarını özü «zərli şeirlər» adlandırardı. Aşıq Şəmşir həqiqətən Kəlbəcər dağlarının saz və söz şimşəyi idi. Onun səsi dağlarda sehrli uğultuya dönürdü.
Məzmunlu yaradıcılığı ilə saz, söz tariximizi daha da zənginləşdirən, dəyərləndirən Aşıq Şəmşirin 2003-cü ildə 110 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Ümummilli lider Heydər Əliyev Aşıq Şəmşir irsinə böyük qiymət verərək onun əbədi-bədii irsinə olan münasibətini belə açıqladı: «Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir».
Ömrü boyu Kəlbəcərdən kənarda yaşaya bilməyən, o yerlərsiz nəfəs almayan Aşıq Şəmşir təsadüfən qismətinə çıxan ayrılıqdan xiffətlənərək öz hisslərini belə qələmə almışdı:
Söylə görüm, çoxmu buzluq,
Dağlar həmən yerindəmi?
Sarı nərgiz, tər bənövşə,
Çiçək, çəmən yerindəmi?
Adamın içindən bir buz soyuqluğu keçir. İndi yadlar tapdağında qalan Kəlbəcərdən xəbərimiz yoxdur. Birdən onun ruhu bizə bu sualları versə, nə edərik? Yəqin yenə də öz şeirlərindən cavab axtararıq:
Qorxursanmı boran, qardan,
Bir xəbər ver o diyardan
Ayrı düşən sən tək yardan,
Ağlı varmı, kişidirmi?
Soruşuram o dağlardan,
Boran səni üşüdürmü?
Müdam sənə «can» deyirəm.
Qulaqların eşidirmi?
1993-cü ilin aprelində Dədə Şəmşirin vətəni Kəlbəcər ermənilər tərəfindən işğal olundu. Dağlar qucağında qərar tutmuş qədim bir elimiz dağıldı. Qonşularımızın bu qovhaqovunda Aşıq Şəmşirin ciyərparaları, doğma qızı, yaxın qohumları qətlə yetirildi. Ata-baba yurdu talan edildi. Bununla bərabər, Aşıq Şəmşirin əski əlifba ilə yazdığı və əksəriyyəti də çap edilməmiş şeirləri yandırıldı. Dədə Şəmşirin Ağdabandakı evini ermənilər külə döndərdilər. Bu, adicə ev yox, 40 mindən artıq eksponatı olan əsl muzey idi. Burada çox mötəbər insanların hədiyyəsi, nişanəsi toplanmışdı. Ustad aşığımızın əlinin, nəfəsinin izi qalmışdı. Elə həmin ildə Aşıq Şəmşirin 100 illiyi tamam olurdu. Təəssüf ki, Kəlbəcərin işğalı kəlbəcərlilərə, bütövlükdə Azərbaycana bu sevinci yaşatmadı.
Aşıq Şəmşirlə böyük şair Səməd Vurğunun deyişmələri də dillərdə bir əfsanəyə, dastana dönüb. Vaxtilə Səməd Vurğun üzünü Dədə Şəmşirə tutub: «Kəklikli daşlardan xəbər al məni» - demişdi. Şairin çağırışındakı mətləbi həssaslıqla duyan Aşıq Şəmşir ömrünün sonuna kimi dağlardan ayrılmamışdı. Ona elə gəlirdi ki, Səməd Vurğunun vəsiyyətini yerinə yetirməsə, ellər ondan incik düşər. Bu səbəbdən də ömrü boyu qibləgahı doğulduğu torpaq idi.
Mənə sənsən ata, ay ana torpaq,
Üzüm dönməz, səndən, ay yana, torpaq.
Bir gün qucağına basarsan məni,
Qoyma cismim səndə a yana, torpaq.
Və həqiqətən də qəlbində ömrü boyu torpaq sevgisi daşıyan və yaşayan Aşıq Şəmşir dünyasını dəyişəndən Murovun zirvəsində bir ruh kimi bu torpağa keşik çəkirdi. İnsanlar gözlərini dağlara dikərək hər səhər salavat çevirirdilər. «Yerin behişt olsun, ay Dədə Şəmşir. Mübarək and yerimizə, qibləgahımıza çevrilmisən».
Təbii ki, yenə Kəlbəcərdə fəsillər dəyişir, dağ çeşmələri həzin-həzin dillənir, bircə o telli saz çalınmır, Aşıq Şəmşir sevinmir, didərgin ellər geri dönmür.
Gəl üzü nur saçan mələklər kimi,
Cənnəti-rizvanda təzə tər kimi.
Şəmşir köks ötürür bir nökər kimi,
Qulun olum, qulluğunda qalım gəl.
Flora Xəlilzadə,
xüsusi olaraq “Mədəniyyət” qəzeti üçün