Uşaqlar arasında Silahlı Qüvvələr Gününə həsr olunan plakat yarışması
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Müdafiə Nazirliyi ilə birlikdə respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə həsr olunan “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı plakat sərgi-müsabiqəsi keçirir.
Aprelin 23-də elan edilən sərgi-müsabiqənin məqsədi Azərbaycan Ordusunun güc və qüdrətinin təbliği, Vətənə məhəbbətin tərənnümü, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkara çıxarılmasıdır.
Rəsm işlərinin mövzuları vətənpərvərlik və ordu quruculuğu, dövlətçiliyin əsas atributu olan Azərbaycan Ordusunun güc və qüdrətinin tərənnümü olacaq.
Təqdim edilən işlər mədəniyyət xadimlərindən, peşəkar rəssamlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin nəticələri 26 iyunda açıqlanacaq, hər yer üçün 4 nəfər olmaqla 1-3-cü yerlərin sahiblərinə müvafiq dərəcəli diplomlar və hədiyyələr təqdim ediləcək. Müsabiqəyə Azərbaycan Ordusu hərbi qulluqçularının və mülki işçilərinin övladlarının da müraciət etmələri tövsiyə olunur.