Aprelin 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi media işçiləri üçün İçərişəhərdə görülən abadlıq işləri ilə bağlı ekskursiya təşkil edib.

Eskursiya Bakı Fotoqrafiya Evində, Qoşa qala qapısı çevrəsində Orta əsrlərdə tikilən köhnə hamam və qala divarları ətrafında aparılıb.

Bildirilib ki, bərpa və konservasiya proqramına əsasən ərazidəki tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

İdarənin təşəbbüsü və təşkilatçılığı ilə Böyük Qala və Qüllə küçələrini bir-birindən ayıran binada Bakı Fotoqrafiya Evi yaradılıb. Bina 1890-cı ildə tacir Məmmədhəsən Həsənov tərəfindən neoklassizm üslubunda tikdirilib. Bakı Fotoqrafiya Evində sərgilər açılır, ustad dərsləri təşkil olunur. Burada həmçinin Bakının fotolarından ibarət köhnə kolleksiya da nümayiş edilir.

Sonra iştirakçılar Qoşa qala qapısı yaxınlığında XVII əsrə aid olan, hazırda restavrasiya edilən köhnə hamamla tanış olublar. Görülən abadlıq işləri nəticəsində abidənin dağılmış günbəzləri bərpa edilib. Hamam Abşeron yarımadasıda geniş yayılan əhəngdaşıdan tikilib, qışda isti, yayda isə sərin qalır.

Ekskursiya qala divarının önündə davam edib. Burada köhnə restoranlar sökülərək, əvəzində yenilərini tikmək üçün bir platforma hazırlanıb. Beton platforma qala divarlarından aralı düzəldilib ki, divara maneə törətməsin. Bildirilib ki, əvvəllər restoranlar qala divarına söykənirdi, indi isə ondan tam aralıdır. Konstruksiya işlərində əsas məqsəd divara söykənən tikililəri divardan ayırmaq, yerində daha müasir tikililər inşa etməkdir.

Qeyd edək ki, son illər ərzində Qız qalası, Şirvanşahlar Saray Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi kimi yerlərdə də bərpa-konservasiya işləri aparılıb. İdarə konservasiya işlərinin yüksək səviyyədə aparılması, həmçinin xarici təcrübənin öyrənilməsi məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə sıx əməkdaşlıq edir.