X Beynəlxalq Rostropoviç Festivalı rəngarəng konsert proqramları ilə davam edir. Festival çərçivəsində aprelin 24-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fortepiano musiqisi axşamı təqdim olundu.

Konsertdən öncə festivalın bədii rəhbəri, Mstislav Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç qonaqları salamladı və gecədə maraqlı əsərlərin təqdim ediləcəyini söylədi.

Daha sonra səhnəyə müasir dövrün ən sevilən pianoçularından Yefim Bronfman (İsrail) dəvət edildi. Pianoçu ilk olaraq alman bəstəkarı İ.Bramsın fortepiano üçün dördhissəli əsərini ifa etdi. Altı dəfə “Qremmi” mükafatı laureatı olan musiqiçinin ifaları tamaşaçılar tərəfindən böyük alqış və sevgilərlə qarşılandı.

Müntəzəm olaraq müxtəlif festivallarda konsertlərlə çıxış edən Y.Bronfman tanınmış rusiyalı dirijor, SSRİ Xalq artisti Yuri Temirkanovun 80 illik yubileyi münasibətilə Sankt-Peterburq Filarmonik Orkestri ilə Avropa turuna çıxıb. Onun daha sonra digər layihələr üzrə Skandinaviya ölkələri, Paris, London, Roma və digər böyük şəhərlərdə konsertləri keçiriləcək.

* * *

Aprelin 25-də musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Boris Eyfmanın Balet Teatrı (Sankt-Peterburq) F.Dostoyevskinin “Karamazov qardaşları” romanı və S.Raxmaninov, R.Vaqner, M.Musorqskinin musiqiləri əsasında hazırlanmış “Günahın o tayında” baletini təqdim etdi. Baletin müəllifi və xoreoqrafı B.Eyfman, dekorasiya və geyim üzrə rəssamı V.Okunevdir.

Boris Eyfmanın Balet Teatrı 1977-ci ildə yaradılıb. Eyfmanın səhnələşdirdiyi tamaşalara məzmun və musiqinin seçilməsinə yenilikçi yanaşması və cəsarətli “bədən dili” ona “xoreoqrafiyanın dissidenti” adını qazandırıb və bu ad uzun zaman Eyfmanı izləyib. Kollektiv repertuarın formalaşmasında özünəməxsus yanaşması ilə həmişə diqqətdə olub. Bu gün dünyanın balet həvəskarları Eyfman baletinin tamaşalarına heyranlıqla baxırlar.

“Günahın o tayında” baleti də kollektivin uğurlu işlərindən biridir. Bu əsər psixoloji balet ənənələrini davam etdirir, eyni dərəcədə mürəkkəb bir işi yerinə yetirməyə can atır. “Günahın o tayında” mənəvi tənəzzülü aşkar etmək, Tanrı və şeytanın mübarizə apardığı insan qəlbinin sirrini başa düşmək cəhdidir. Balet həm də belə bir mesaj verir: “Bəşəriyyətin xoşbəxtlik yolu nədir və bu nəyin hesabına meydana gələcək? Bəşər övladının müdrikliyinin günahından daha güclü olması, yoxsa həqiqi inamı?”

* * *

Aprelin 26-da festivalın daha bir konsert proqramı Heydər Əliyev Sarayında təqdim olunacaq. Konsertdə dirijor Fuad İbrahimovun idarəsi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Solist ispaniyalı violonçel ifaçısı Pablo Ferrandesdir.

X Beynəlxalq Rostropoviç Festivalına aprelin 27-də Heydər Əliyev Sarayında “Münchenklang” orkestri və xorunun (Almaniya) konserti ilə yekun vurulacaq. Dirijor Tomas Hefele, solistlər Anna Karmazin (soprano) və Lüdviq Mittelhammerdir (bariton).

LALƏ