İçərişəhər bütün Azərbaycan üçün, bizim bütün vətəndaşlarımız üçün çox doğma və əziz yerdir. Bakımızın, doğma Bakımızın ürəyidir. Bu, doğrudan da çox dəyərli tarixi və mədəni abidədir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu sözləri aprelin 26-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda görülən işlərlə tanış olarkən deyib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan memarlığının və mədəniyyətinin nadir incisi sayılan İçərişəhərin qorunmasına daim diqqət və qayğı ilə yanaşırlar. İçərişəhərin UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi Azərbaycan xalqının bəşər mədəniyyətinə töhfələr verdiyini bir daha təsdiqləyir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sədri Əsgər Ələkbərov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirib ki, qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər görülür. Hazırda Kiçik Qala küçəsində, qala divarları boyunca yerləşən kafe və restoranların yenidən qurulması işləri həyata keçirilir. Təmir-bərpa işləri Qoşa Qala divarlarına heç bir zərər vurmamaqla aparılır və İçərişəhərin, qala divarlarının görünüşünə xələl gətirməyəcək.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhərdə görülən işlər haqqında sosial şəbəkələrdə, informasiya məkanında yayılan yalan və qərəzli xəbərlərlə bağlı bildirib ki, hər insan öz vicdanı və Allah qarşısında cavab verir: “Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı bir nəticə əldə etmək mümkün deyil. Vətənimizə, Vətənimizin hər bir mədəni abidəsinə, tarixinə, dininə yalnız və yalnız xoş niyyət, mərhəmət, sevgi bəsləməliyik. Bütün bu hadisələrin gedişatı haqqında məndə məlumat var idi. Amma mən yenə də sahibkarlarla görüşmək istəyirdim. Bir daha əmin olmaq istəyirdim ki, yeni heç bir inşaat yoxdur. Buradakı tarixi və mədəni abidələrə heç bir təhlükə yoxdur. Əksinə, bütün bu addımlar onların qorunmasına yönəlib”.
Mehriban xanım Əliyeva onu da qeyd edib ki, son illər İçərişəhərdə qala divarı üzərində aparılan bütün bərpa işlərinə bu sahədə ən aparıcı ekspertlər cəlb olunub: “Birincisi, əlbəttə, biz İçərişəhərimizi çox qorumalıyıq, çox diqqətli olmalıyıq. İkincisi, İçərişəhərdə yaşayan sakinlərin maraqları nəzərə alınmalıdır. Eyni zamanda, mən əminəm ki, sahibkarlar üçün də bura doğma, əziz və ölkəmizin ən vacib tarixi abidələrindən biridir. Siz də yanaşmalarınızı məhz bu səmtdə qurmalısınız.
Bir də onu qeyd etmək istəyirəm ki, gələcəkdə belə hallarla üzləşməmək üçün biz gərək ictimaiyyətə dolğun, geniş informasiya verək. Hətta İçərişəhərdə hansısa bir bərpa, təmir işinin aparılması nəzərdə tutulubsa, bu işləri başlamamışdan əvvəl biz ictimaiyyətə geniş şəkildə məlumat verməliyik. Mən çox yaxşı başa düşürəm, insanlar narahat olublar. Çünki 1954-cü ildə dağılmış divarın rəsmlərini qəsdən indi qoyub və bugünkü hal kimi təqdim ediblər. Mən yenə də deyirəm, o insanlar haqqında danışmaq istəmirəm. Amma mən narahat olan o biri insanları çox yaxşı başa düşürəm. Belə hallarla, belə yalanlarla üzləşməmək üçün, biz gərək bütün informasiyanı dolğun şəkildə ictimaiyyətə təqdim edək. Ona görə bir daha deyirəm, bir daşa da ziyan dəyməməlidir. İçərişəhərimiz gözəldir, bizim sərvətimizdir, bundan sonra biz onu qoruyub saxlayacağıq, gələcək nəsillərə eyni şəkildə təhvil verəcəyik”.
Birinci vitse-prezident aparılan işlərin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.