Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı giriş nitqində 2018-ci ildə prezident seçkilərindən sonra ölkəmizdə islahatların yeni mərhələsinin başladığını və onun icrası üçün məqsədyönlü addımlar atıldığını bildirib.

Cari ilin birinci rübündə büdcə daxilolmalarının artdığını, bununla da əlavə maliyyə resursunun formalaşdığını deyən dövlət başçısı ilin əvvəlindən ümumi daxili məhsulun, sənaye istehsalının, qeyri-neft sənayesinin, kənd təsərrüfatının, əhalinin gəlirlərinin artdığını, ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulduğunu deyib. Qeyd edib ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 25-ci yerə layiq görülüb və 10 ən islahatçı ölkə arasındadır. İlin əvvəlindən böyük həcmli sosial paketin icra edildiyini deyən Prezident İlham Əliyev minimum əməkhaqqının, minimum pensiyaların, məcburi köçkünlərə verilən müavinətlərin, tələbələrin təqaüdlərinin və digər sosial müavinətlərin artdığını bildirib, problemli kreditlərlə bağlı məsələnin və vaxtilə tikilən, lakin istismara qəbul edilməyən binalarla bağlı yaranan problemin həll olunduğunu vurğulayıb.

İclasda Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev görülən işlərlə bağlı məruzə ediblər.

Prezident İlham Əliyev yekun nitqində hazırda iqtisadiyyatın yeni inkişaf strategiyasının hazırlandığını bildirib, ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışıb. Əhalinin sayının 10 milyona çatdığını, bunun da qarşıda yeni vəzifələr qoyduğunu deyən dövlət başçısı bildirib ki, bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq.