Sentyabrın 30-da “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində “Müslüm Maqomayev haqqında xatirələr” filminin jurnalistlər üçün təqdimatı olub.
Mərasimdə çıxış edən filmin rejissoru və ssenari müəllifi, Xalq artisti Tofiq İsmayılov hələ 1971-ci ildə lentə aldığı “Oxuyur Müslüm Maqomayev” filmindən sonra görkəmli sənətkarın haqqında daha iki film çəkmək arzusunda olduğunu deyib. Lakin Müslüm Maqomayevin qastrol səfərləri, konsertlər buna imkan verməyib.
Rejissor filmin tamaşaçılar tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu bildirib. Sonra film nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” studiyasında istehsal olunmuş ekran əsəri böyük musiqiçinin 70 illiyinə həsr edilib.
Çəkilişləri Moskvada və Bakıda aparılan filmdə Müslüm Maqomayevin ömür-gün yoldaşı, SSRİ Xalq artisti Tamara Sinyavskayanın, Rusiyanın görkəmli şairi Nikolay Dobronravovun, bəstəkar Aleksandra Paxmutovanın, Azərbaycanın Xalq rəssamı Tahir Salahovun və başqalarının xatirələri yer alıb. Filmin musiqi məsləhətçisi Tamara Sinyavskayadır.