Artıq 10-cu dəfə paytaxtımızın ev sahibliyi etdiyi Beynəlxalq Rostropoviç Festivalı yenə ruhunun dərinliyində klassik musiqini yaşadan və onu mənəvi qidasına çevirən dinləyici-tamaşaçı kütləsinə əsl bayram yaşatdı. Festival proqramının ən maraqlı sənət təqdimatlarından biri aprelin 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində oldu.

Həmin gün teatrsevərlər musiqinin “bədən dili” ilə ilahi hikmətə qovuşduğu əsərə, musiqi, xoreoqrafiya və insan hislərinin unikal ecaz həllini tapdığı balet nümunələrindən birinə tamaşa etdilər. Mübaliğəsiz demək olar ki, bu, sadəcə nümayiş yox, səhnə ilə tamaşaçı zalının harmoniyası idi. Səhnədəkilər nəinki Rusiya, ümumilikdə dünya balet sənətində yeni cığır açan ustad xoreoqrafın yetirmələri idi.

Boris Eyfmanın Balet Teatrının (Sankt-Peterburq) gənc, amma yüksək peşəkar truppası “Günahın o tayında” balet tamaşasını nümayiş etdirirdi.

Müəllifi və xoreoqrafı Boris Eyfman olan səhnə əsəri Fyodor Dostoyevskinin “Karamazov qardaşları” romanının motivləri əsasında ərsəyə gəlib. Sergey  Raxmaninov, Rixard Vaqner və Modest Musorqskinin musiqiləri əsasında həllini tapan tamaşanın dekorasiya və geyim üzrə rəssamı Vyaçeslav Okunevdir.

Boris Eyfmanın teatrı 1977-ci ildə yaradılıb. Onun əsas hədəfi kollektivi bir növ təcrübi laboratoriyaya, tək xoreoqraflı balet teatrına çevirmək idi. Eyfmanın səhnələşdirdiyi tamaşaların məzmun və musiqi seçiminə yenilikçi yanaşması və cəsarətli “bədən dili” ona “xoreoqrafiyanın dissidenti”  ünvanını qazandırıb. Bu gün dünyanın ən aparıcı balet teatrları ilə müqayisədə geniş və həm də müxtəlif tamaşaçı auditoriyası ilə öyünən Eyfman teatrının  tamaşaları heyranlıqla izlənməkdədir.

Dostoyevski yaradıcılığının xülasəsi, nəhəng zəkasının həyatı boyu apardığı fəlsəfi axtarışının kulminasiya nöqtəsi kimi xarakterizə olunan “Karamazov qardaşları” əsasında hazırlanan “Günahın o tayında” daim çağdaş olan insan problemlərinin musiqi və bədən dili ilə mükəmməl ifadəsidir. 2013-cü ildə səhnəyə qoyulan və Rusiyadan kənarda da dəfələrlə oynanılan balet tamaşaçıya bir aydın həqiqət pıçıldayır: sən ruhunun əsiri olduqdan sonra heç bir inqilab sənə azadlıq bəxş etməz...

Balet Dostoyevskinin araşdırdığı dağıdıcı ehtirasın dözülməz yükü və şərin yayğınlığı kimi şüuru zəbt edən məqamların xoreoqrafik həllini nümayiş etdirir. Tamaşa Karamazovların mənəvi tənəzzülünün əsaslarını aşkar etmək və Tanrı ilə şeytanın mübarizə meydanı olan insan qəlbinin sirrini izhara cəhddir. Elə buna görə də biz bu ikipərdəli baletdə əsərdəki təsvirlərdən çox daxili ziddiyyətlərə əsir düşmüş qəhrəmanların mənəvi dünyalarının, hislərinin alt qatındakı məqamların xoreoqrafik təsvirini görürük.

Balet müəllifi birinci pərdədə tamaşaçını əsərin əsas ideyasına – “Tanrının olmadığı yerdə hər şey qanunauyğundur” fəlsəfəsinə uyarlılığa səsləyir. Bir neçə taktdan sonra, aralarındakı fikir uçurumuna baxmayaraq, Dmitri, İvan və Alyoşa Karamazov arasındakı görünməz bağları duya bilirik. Axı onları ataları Fyodor Karamazovun (İqor Polyakov) günahkar qanı birləşdirir. Ona görə zavallı Alyoşanın (Daniel Rubin) rahibi də bu ehtiraslar düyününü açmaqda acizdir. Alyoşa atasının və Dmitrinin (Oleq Qabısşev) Qruşenka (Lyubov Andreyeva) üstündə apardığı amansız rəqabətin, hər kəsi şəhvət günahına batırmağa hazır atasının saysız sərxoş gecələrinin şahididir.

Ard-arda baş verən qalmaqallar bəzən sülh anları ilə əvəz olunur. Bu zaman qardaşların qəlbi analarının güclü obrazı ilə işıqlanır. Lakin sonra yenidən qardaşlar arasında düşmənçilik daha da güclənir. Alyoşa nəinki kömək edir, əksinə, getdikcə ailəsinin əsarətində çapaladığını hiss edir. İvan Karamazov (Oleq Markov) bəzən ona daha inamlı təsir bağışlasa da, vəhşi arzular bütün dəyərlərin önünü qılınclayır.

Günahkarlar çarpışması ölümlə bitir və atanın qətlində oğul günahlandırılır.

Olduqca gərgin, dərin psixoloji məqamlarla yüklü ilk pərdədə ümumi ağırlığı yüngülləşdirən kazino, qutsal ruhun xilası kimi kilsə, kütləvi səhnələrlə ümumi konsepsiyaya xidmət edən keçid rəqslər mükəmməl idi. Xüsusən hər kütləvi səhnədə əsas qəhrəmanlardan əlavə 20 artisti hərəkət etdirən və onların hər birinə kiçik qruplar şəklində tapşırıqlar verən quruluşçunun yer bölgüsü, musiqi məqamlarına uyğun dalğavarı gəzişməsi də qüsursuz alınmışdı.

Tamaşaçı bu səhnəyə hakimliyi ikinci pərdədə daha aydın sezdi. Çünki İvan və Alyoşa mövcudluğun mahiyyəti, insan qəlbi haqqında durmadan mübahisə edirlər. Burada ilahi hikmət, insanın daxili azadlığı, onu qazanmaq üçün verəcəyin qurbanlar – ümumilikdə mənəvi qatdakı əsas məqamları bədən və musiqi dili ilə  ustalıqla çatdırdılar.

Balet müəllifi istifadə etdiyi üç bəstəkarın – tam fərqli sənət, yolu olan musiqi yazarının bir-birinə zidd, aşkar əks axınlı musiqilərinin xoreoqrafik həllini verərkən çox yəqin ki, bir detal – hərəkətin hakimiyyətində musiqinin onsuz da bənzərsiz olması məqamı üzərində dayanıb. Yəqin elə bu əsəri “Günahın o tayında” qılan da, çirkab dolu həqiqətləri bu qədər zərif süzərək izah edən də haqlı idi...

Həmidə NİZAMİQIZI