Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq çap olunan və Bakı şəhərinin mədəniyyət ocaqlarının aylıq repertuarı, tədbir və təqdimatları barədə məlumatları əks etdirən “Mədəniyyət+Afişa” nəşrinin növbəti – may ayı buraxılışı işıq üzü görüb.

“Mədəniyyət” qəzetinin aylıq əlavəsi paytaxtın mədəniyyət ocaqlarında sakinlər, şəhərin qonaqları arasında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir. Nəşrin məqsədi ictimaiyyəti, sənətsevərləri paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu müəssisələrin işinə informasiya dəstəyi verməkdir.

Nəşr aprel sayından etibarən oxuculara xalqımızın zəngin ədəbi xəzinəsinin incilərini təqdim etmək, mütaliəyə marağı təşviq etmək yönündə də öz töhfəsini verməkdədir. 650 illiyi ölkəmizdə və onun hüdudlarından kənarda geniş şəkildə qeyd olunan böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin söz dünyasına səyahət nəşrin may buraxılışında da davam etdirilir. Ədəbiyyatımızın dəyərli səhifələrinə yetişməkdə olan nəslin, o cümlədən tələbə və gənclərin marağını daha da artırmaq xüsusi önəm kəsb edir. Bu məqsədlə “Nəsimi ili”nə töhfə olaraq aprel ayında “Mədəniyyət+Afişa”nın Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində təqdimatı keçirilmiş, nəşrin nüsxələri universitetin digər fakültələrinin tələbələri arasında yayılaraq maraqla qarşılanmışdı. Qəzetin təşəbbüsünü təqdir edən ADPU rəhbərliyinin dəstəyi ilə “Afişa” əlavəsinin yeni çapdan çıxan may buraxılışı da tədris ocağında tələbələrə təqdim edilir.

Bundan əlavə, nəşrin yeni sayını M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxucuları da əldə edə bilərlər.

“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yeni sayı 30 aprel tarixindən  paytaxtdakı 1 və 3 saylı “ASAN Xidmət” mərkəzlərində, eləcə də Bakı şəhərindəki teatr-konsert müəssisələrində vətəndaşlara, sənətsevərlərə təqdim olunur.

Qeyd edək ki, nəşrin  may buraxılışında ay ərzində Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, filarmoniyanın Kamera və orqan musiqisi zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrında təqdim olunacaq konsertlər, eləcə də Nizami Kino Mərkəzində böyük ekrana çıxacaq yeni filmlər, qalereya və sənət mərkəzlərindəki sərgilər barədə ətraflı məlumat almaq mümkündür. Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, sərgilər, konsertlər, filmlər barədə anons-informasiyalar da dərc olunub.