Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Bakı Şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.

Heykəlin “İçərişəhər” metro stansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Müsabiqədə landşaft memarlığı, bağça-park və şəhər heykəltəraşlığı sahələrində işləyən peşəkar heykəltəraşlar iştirak edə bilərlər.

Namizədlər müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş nümunə üzrə ərizə təqdim etməlidirlər. Müsabiqədə iştirak üçün yalnız müəllifliyi şəxsən namizədə aid olan eskizlər qəbul edilir.

Namizədlər tərəfindən göndərilmiş sənəd və materiallar geri qaytarılmır və onlar üçün ödəniş edilmir. Müəllif hüquqlarının pozulmasına (plagiata) görə məsuliyyəti müsabiqəyə müvafiq materialları göndərən şəxs daşıyır.

Müəllif ərizə və nəzərdən keçirilməsi üçün yaradıcılıq ideyasının ən azı iki eskizini (maketini) təqdim etməklə seçim mərhələsinin iştirakçısı olur. İştirak üçün ərizə və eskizləri (maketləri) Heydər Əliyev Mərkəzinə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 1) təqdim etmək və ya elektron poçt vasitəsilə contest@heydar-aliyev-foundation.org ünvanına göndərmək lazımdır.

Ərizə və eskizlər iyunun 30-dək qəbul olunur.

Müsabiqənin təşkilat komitəsi verilmiş ərizə və eskizlər arasından bir qalibi müəyyənləşdirir. Müsabiqə iştirakçılarının seçimi aşağıdakı meyarlar üzrə həyata keçirilir: mövzuya uyğunluq, müəllif mülahizəsinin və icra edilmə səviyyəsinin peşəkarlığı, təqdim edilmiş kompozisiyanın materialın emal texnologiyasına uyğunluğu.

Hər bir heykəl həm ayrılıqda bir müəllif, həm də həmmüəlliflər tərəfindən hazırlana bilər. Həmmüəlliflərin sayı 3 nəfərdən artıq olmamalıdır.

Heykəlin ucaldılması müəllifin və ya onun müvəkkili olan şəxsin bilavasitə müşahidəsi altında, müsabiqənin təşkilatçısı tərəfindən seçilmiş yerdə həyata keçiriləcəkdir.

Əlavə məlumat üçün (+99450) 295 02 09 telefon nömrəsi ilə əlaqə saxlamaq olar.

Müsabiqə barədə ətraflı məlumat Mədəniyyət Nazirliyinin saytının (mct.gov.az) “Elanlar” bölməsində.