Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Beynəlxalq Muğam Mərkəzi ilə Gürcüstan Teatr Cəmiyyəti Yaradıcılıq İttifaqı və Dövlət Folklor Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

BMM-in direktoru, Xalq artisti Murad Hüseynov bildirib ki, mərkəz Azərbaycan milli mədəniyyətinin xaricdə təbliğinə və beynəlxalq əməkdaşlığa böyük önəm verir. Onun sözlərinə görə, memorandum Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayacaq. Sənədə əsasən, Azərbaycan və Gürcüstan musiqiçiləri qarşılıqlı olaraq hər iki ölkədə təşkil ediləcək festivallarda, mədəni tədbirlərdə iştirak edəcəklər.

Memorandumda, həmçinin hər iki ölkənin milli musiqi mədəniyyətinin təbliği məqsədilə qarşılıqlı səfərlər, sərgilər, konsertlər və digər mədəni tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Gürcüstan Teatr Cəmiyyətinin sədri Giorgi Gegeçkori də memorandumun iki ölkənin zəngin mədəniyyətlərinin qarşılıqlı olaraq geniş ictimaiyyətə tanıdılması baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Səfər zamanı həmçinin BMM ilə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva sənədin mədəni əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyini deyib.